Ukrayna "Tomahawk" və "Taurus" raketləri alacaqmı? - Alman generalın proqnozu

DÜNYA
10:34 / 23.10.2025
69

Ehtiyatda olan alman briqada generalı Klaus Vittmann bildirib ki, ABŞ prezidenti Donald Tramp hələlik neytral vasitəçi rolunu oynamağa meyllidir və Ukraynanı açıq şəkildə dəstəkləməyəcək, ona görə də yaxın gələcəkdə “Tomahawk” raketlərinə ümid etmək real görünmür.

HİT.az xəbər verir ki, o, bu barədə “Ukrinform”a verdiyi müsahibədə danışıb.

General vurğulayıb ki, hətta Tramp nəhayət Vladimir Putinin onunla oyun oynadığını, vaxt udduğunu və mümkün atəşkəsə və ya sülhə maraqlı olmadığını anlayarsa belə, bu, mütləq şəkildə Ukraynaya maksimum hərbi dəstək vermək qərarına gələcəyi anlamına gəlməz.

“O geri çəkilərək neytral vasitəçi rolunu oynamaq istəyəcək, Ukraynanın tərəfdarı yox. O müharibəni daha çox narahatedici əngəl kimi görür, çünki əslində Rusiya ilə, ilk növbədə iqtisadi baxımdan, yenidən normal münasibətlər qurmaq istəyir. Buna görə də “Tomahawk” adının çəkilməsi ilə Rusiyaya qarşı yaranmış təhdid Putinin Zelenski ilə danışığından əvvəl etdiyi zənglə neytrallaşdırıldı. Bu çox təəssüf doğurur, amma Ukrayna çox güman ki, yaxın vaxtlarda “Tomahawk”lara ümid etməməlidir”, deyə Vittmann qeyd edib.

Eyni zamanda o bildirib ki, “Taurus” raketlərinin mövzusu gündəlikdən çıxmayıb, çünki Ukraynaya logistikanı kəsmək, komanda mərkəzlərinə, hərbi hava limanlarına, start meydançalarına və sənaye obyektlərinə, eləcə də Rusiya neft hasilatına zərbə vurmaq üçün uzaq mənzilli vasitələr lazımdır.

General əlavə edib ki, Rusiya ərazilərinin dərinliklərinə olan bütün zərbələr hərbi və beynəlxalq hüquq baxımından qanuni hədəflər hesab olunur:

"Ukraynalı əsgərlərin “Taurus” raketlərini idarə etməyi öyrənməyə başlaması belə siqnal olardı. Və Rusiyanın bu silahdan nə qədər qorxduğunu “Tomahawk”ın adının çəkilməsinə verdiyi reaksiyadan görmək olar".

O əlavə edib ki, Berlin və Vaşinqtonun uzaqmənzilli raketlərin verilməsinə dair qərarlarda bir-birinin hərəkətlərini nəzərə alıb-almayacağı şübhəlidir, lakin ABŞ bu addımı atsa, bəlkə alman tərəfi üçün maneələr daha az olardı.

Samir

0