İtalyan "Leonardo" və Fransanın "Airbus" və "Thales" şirkətləri kosmos sektorunda Avropanın strateji muxtariyyətini gücləndirmək üçün kosmik bizneslərini birləşdirməyə razılaşıblar.
HİT.az xəbər verir ki, bu barədə ANSA şirkətlərin birgə bəyanatına istinadən məlumat yayıb.
Sənəddə qeyd edilir ki, birləşmə Avropanın mühüm infrastrukturun əsasını təşkil edən sənayedə - telekommunikasiya və naviqasiyadan tutmuş Yerin müşahidəsi, elm və təhlükəsizlik sahələrindəki mövqeyini gücləndirəcək.
"Yeni oyunçu hər üç şirkətin bir-birini tamamlayan aktivlərinə və qlobal təcrübəsinə əsaslanaraq gələcək kosmik məhsul və xidmətlərin innovasiyasına və inkişafına töhfə verəcək", - məlumatda deyilir.
"Reuters"in məlumatına görə, yeni şirkətin keçmişdə bu cür addımlara müqavimət göstərən Avropa tənzimləyicilərinin təsdiqindən sonra 2027-ci ildə yaradılması planlaşdırılır. Yeni şirkətin bütün Avropa üzrə 25 000 işçisi olacağı gözlənilir.
Airbus səhmlərin 35%-nə, "Thales" və "Leonardo" isə 32,5%-ə sahib olacaq. Şirkət balanslaşdırılmış idarəetmə strukturu ilə birgə nəzarət altında fəaliyyət göstərəcək.
Birləşmənin işə salındıqdan beş il sonra hər il bir neçə yüz milyon avroluq əməliyyat gəliri ilə sinerji yaratması gözlənilir.
Kod adı "Project Bromo" olan birləşmə ilə bağlı danışıqlar ötən ildən davam edir.
Samir