"Gələcəkdə NATO Rusiya təyyarələri alyans ölkələri üçün təhlükə yaradarsa, onları vura bilər".
HİT.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte "Fox News"a müsahibəsində bildirib.
Onun sözlərinə görə, təyyarələr təhlükə yaratmasa, onlar tutularaq alyansın hava məkanından çıxarılacaq.
Məlumdur ki, son altı həftə ərzində Rusiyaya məxsus 3 təyyarə Estoniya hava məkanı üzərində uçub, pilotsuz təyyarələr isə Polşa sərhədini keçib. Bu iki ölkə NATO üzvüdür.
Rutte əmin edib ki, "NATO tam olaraq necə olmalı idisə, elə reaksiya verib: "Biz bunun üçün məşq etdik və hazırlaşdıq".
Baş katib həmçinin Trampın vədinə əməl edəcəyinə və Ukraynada müharibənin bitməsinə kömək edəcəyinə inanır: "O, əsl sülhpərvərdir. O, bu müharibəni bitirmək istəyir. Bu, onun üçün çox vacibdir".
Bundan əlavə, o hesab edir ki, dərhal münaqişə xəttini dondurmaq və Ukrayna prezidenti Volodimir Zelenski ilə Rusiya lideri Vladimir Putin arasında görüş təşkil etmək lazımdır.
Samir