Ekipajı içəridə "qızardır": Koreya K1 tankının həll olunmayan kritik problemi

DÜNYA
23:20 / 24.10.2025
41

Cənubi Koreyanın K1 (Tip 88) əsas döyüş tanklarında ciddi soyutma problemi yaranıb - yay aylarında tankın içərisində temperatur 50 dərəcəyə qədər yüksəlir, bu isə ekipajın “sanki qızardılması” ilə nəticələnir. 

HİT.az xəbər verir ki, "Defense Express" portalının yazdığına görə, bu vəziyyət K1-in varisi olan K2 tanklarının aktiv ixracı fonunda daha da diqqət çəkir.

Analitiklər bildirirlər ki, problemi yeni kondisioner sisteminin quraşdırılması ilə həll etmək olardı. Bu sistemin tətbiqi tankın içərisindəki temperaturu 22 dərəcəyə qədər endirərdi. Belə yeniləmə K1E1 modernizasiya proqramı çərçivəsində nəzərdə tutulmuşdu.

Lakin Cənubi Koreyanın İqtisadiyyat və Maliyyə Nazirliyi bu təklifi rədd edərək layihə üçün ayrılan büdcəni təsdiqləməyib. Qeyd olunur ki, bu, nazirliyin adi yanaşmasıdır — qurum mövcud texnikanın yenilənməsi əvəzinə daha çox yeni layihələrə üstünlük verir.

Analitiklərin fikrincə, bu, olduqca təhlükəli vəziyyətdir, çünki problem zirehli texnikanın istismarını çətinləşdirir, nasazlıqlara və ekipajın sağlamlıq problemlərinə səbəb ola bilər. Nəticədə, ordunun döyüş qabiliyyəti ümumilikdə azala bilər.

Mütəxəssislər həmçinin vurğulayırlar ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi döyüş meydanında pilotsuz aparatların və qabaqcıl texnologiyaların əhəmiyyətini nümayiş etdirdi. Buna baxmayaraq, tanklar, zirehli texnika və artilleriya hələ də effektiv nəticələr əldə etməyə qadirdir və müasir vasitələrlə birgə istifadə olunanda bir-birini tamamlayır.

Hazırda Cənubi Koreyanın ixtiyarında ABŞ istehsalı “M1 Abrams” modelinə əsaslanan 1000 ədəd K1 tankı var. Onlar hazırda K1E1 standartına modernləşdirilir. Bundan başqa, 450 ədəd K1A1 tankı K1A2 səviyyəsinə qədər yenilənib.

Müasir K2 tanklarının sayı isə hələlik 260 ədəddir, lakin onlar ildə təxminən 120 ədəd olmaqla istehsal olunur və əsasən ixraca yönəldilir.

Analitiklər hesab edirlər ki, bu vəziyyətdə K1E2 və pilotsuz variant kimi yeni modernləşdirmə istiqamətlərinə baxmayaraq, soyutma probleminin həll olunmaması məntiqsizdir: “İnnovativ texnologiyalar nə qədər üstün olsa da, bütün problemləri həll etmir.”

Samir
 

0