Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü zamanı çoxlu sayda texnika itirməsi nəticəsində işğalçı ordunun vəziyyəti daha da pisləşib.
HİT.az-ın məlumatına görə, Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin icraçı direktoru Dmitro Jmaylo “Ukrayna Radiosu”na müsahibəsində bildirib ki, rus ordusunun son vaxtlar hücum əməliyyatlarında zirehli texnikadan daha çox istifadə etməsi onların ümidsizliyindən xəbər verir.
"Bu, rus qoşunlarının tükənməsi və ümidsizliyinin göstəricisidir. Onlar yaxşı anlayırlar ki, uzun müddət texnikanı döyüşə daxil etməmələrinin səbəbi onun Ukrayna dronlarının zərbələrinə qarşı çox həssas olması idi. Məsələn, Sumi vilayətində ruslar ümumiyyətlə texnikadan istifadə etmirlər. Bir neçə həftə əvvəl orada bir ədəd rus BTR göründü və dərhal məhv edildi", deyə Jmaylo bildirib.
Ekspertin sözlərinə görə, yüksək risk səbəbindən rus qüvvələri böyük kolonlarla hücum edir, ümid edirlər ki, ən azı bir neçə texnika hədəfə çata biləcək. O qeyd edib ki, bu cür mexanikləşdirilmiş bölmələrə zərbələr müdafiə xəttinə çatmazdan təxminən 15 kilometr məsafədə başlanır, 7–8 kilometr qaldıqda isə atəş daha da intensivləşir. Nəticədə yalnız bir neçə texnika müdafiə xəttinə qədər irəliləyir, piyada qüvvələrini endirir və onlara atəş dəstəyi verir:
"Amma əksər hallarda həm rus piyadaları məhv edilir, həm də texnika yandırılır. Onların hesablaması sadədir – heç olmasa bir-iki zirehli maşın geri çəkiləcək, bir qrup piyada isə meşə zolaqlarında mövqe tutub növbəti hücum üçün qüvvə toplayacaq".
Ekspert bildirib ki, rus qoşunları yay hücumunu uğursuz başa vurub və payızın yarısı keçsə də ciddi irəliləyiş əldə etməyib. Lakin yerli komandanlıq “irəliləyiş” barədə yuxarılara məruzə edib və indi vəziyyəti hər yolla düzəltməyə çalışır.
"Rusların istifadə etdiyi sızma taktikası çox vaxt aparır. 10 kilometr məsafəni qət etmək üçün onlara bir neçə gün, bəzən iki həftə lazım olur. Onlar yalnız gecələr hərəkət edir, gizlənərək şəhərlərə soxulmağa çalışırlar. Bu taktikanın təhlükəli tərəfi ondadır ki, bizim piyada bölmələrimiz çox yorulub. Hətta təmizləmə əməliyyatlarında da əsas yük dronların üzərinə düşür", deyə ekspert qeyd edib.
Jmaylonun sözlərinə görə, belə taktika ilə belə rus ordusunun uğurları çox cüzidir. Statistikaya əsasən, hazırda rusların irəliləmə tempi gündə təxminən 8 kvadrat kilometr təşkil edir. Müqayisə üçün, ötən il eyni dövrdə bu göstərici 35–45 kvadrat kilometr idi:
"Artıq hər bir kilometr işğal olunmuş Ukrayna torpağının qiyməti getdikcə artır. Həftəlik itkilər 6 800–7 800 nəfər təşkil edir, bu da təxminən hər kvadrat kilometrə 88 meyit deməkdir. İndi isə bu göstərici 150 nəfəri ötüb".
Xatırladaq ki, yaz və yay aylarında ruslar döyüşlərdə zirehli texnikadan istifadə etməməyə çalışır, bunun əvəzində piyadaları mülki texnika ilə gücləndirərək hücumlara göndərirdilər. Ekspertlər hesab edirlər ki, bu fasilə texnikanın tükənməsi ilə deyil, onu Ukrayna PUA-larının zərbələrindən qorumaq cəhdi ilə bağlı idi. Lakin payızda hava şəraiti pisləşdikcə işğalçılar yenidən texnika ilə hücuma keçməyə başlayıblar.
Samir


