"ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında Macarıstanda keçiriləcəyi açıqlanan görüşün baş tutmayacağı əvvəldən gözlənilirdi".
Bu sözləri politoloq Aydın Quliyev Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, Alyaskada görüşdən əvvəl çox böyük ümidlər olsa da, konkret nəticə əldə olunmadı:
"Əksinə, həmin görüşdən Putin daha inamlı ayrıldı. Ümumiyyətlə, Ukraynadakı müharibənin strategiyası və perspektiv davamiyyəti Rusiya üçün yaxşı bir şey vəd etmir. Lakin Trampın orada həddindən artıq dərəcədə Putinə mehribanlıq etməsi, onu daha təmtəraqla qarşılaması və ayaqlarının altına qırmızı xalçalar döşətdirməsi Rusiya liderinin özgüvənini xeyli artırdı. Görüşdən sonra Putinin Ukraynada hərbi əməliyyatları daha da gücləndirməsi belə bir qənaət yaratdı ki, sanki Trump ona Ukraynada yeni hücumlara başlamaq üçün icazə verib".

Ekspert qeyd edib ki, liderlərin Macarıstan görüşü ilə bağlı söz-söhbət meydana gələndə də, həmin görüşün baş tutacağına ümidlər çox az idi:
"Hətta bəzən yox idi. Çünki bu görüşün ilk anonsunu Tramp vermişdi. Amma çox maraqlıdır ki, bu görüşə qədər Putin yenə də Tramp üçün gözlənilməz bir gediş etdi. O, Zelenski ilə Trampın görüşündən əvvəl ABŞ Prezidentinə zəng etdi.
Üstəlik, bu danışıqdan sonra Trampın Zelenskiyə Donbasın bütövlüklə Rusiyaya güzəştə gedilməsi ilə bağlı təzyiq göstərdiyi iddia olundu. Bu da Putinin özünəinamını daha da artırdı. Düzdür, sonradan Trampın Ukrayna liderinə Zelenskiyə belə bir təzyiq göstərmədiyi açıqlandı. Hər halda, belə iddiaların yayılması da Putinin xeyrinə oldu".
Politoloq diqqətə çatdırıb ki, Putin Budapeşt görüşü ilə bağlı Trampa əvvəldən hansısa ümidverici vəd və ya söz vermədi:
"Hətta Putin Trampın Ukraynada hərbi əməliyyatların hər kəsin olduğu yerdə dayanması şərtilə atəşkəs və Budapeşt görüşü ilə bağlı təklifinə konkret cavab vermədi. Bu da onu göstərirdi ki, Budapeşt görüşündən əvvəl tərəflər nə ilə, nə barədə razılıq əldə edəcəkləri haqqında təsəvvürə malik deyildilər. Yəni sözügedən görüşün ümumiyyətlə hansı məqsədə xidmət etdiyi öncədən bəlli deyildi".
Aydın Quliyev onu da vurğulayıb ki, Avropa ölkələri Putinin Macarıstana gəlişinə qarşı çox ciddi mövqe tuturdular:
"Hətta onlar Putinin hava məkanlarından da istifadə etməsinə razı deyildilər. Avropa ölkələri Putini bütün istiqamətlərdə boykot etdiklərinə görə onun təyyarəsinə hava dəhlizi vermək də asan deyildi.
Yəni bəzi faktorların təsiri altında Tramp-Putin görüşünün baş tutmayacağı əvvəldən bəlli idi. Ona görə də görüşüb ləğv olunması təəccüblə qarşılanmadı. Ümumiyyətlə, Rusiyanın Ukrayna məsələsində hazırda atəşkəsə və ya ciddi bir sülh müqaviləsinə hazır olmadığı bir faktdır. Elə bunun özü də həmin görüşlərin keçirilməsi perspektivlərini sıfırlayır. Bu görüşlər baş tutsa belə, indiki şəraitdə onların nəticə verəcəyi gözlənilmir".
Pərviz


