Başınızın üstündən uçsa belə, səsini eşitməyəcəksiniz - Tamamilə səssizdir

DÜNYA
18:59 / 27.10.2025
50

ABŞ mühəndisləri dünyanın ən səssiz təyyarəsini hazırlayıblar. Adətən təyyarələr, xüsusilə də qırıcılar çox gurultulu olur – onların mühərrikləri elə qurulub. 

Hit.az xəbər verir ki, Böyük Britaniyanın Hava Hərəkətinə Nəzarət Xidmətinin məlumatına görə, təyyarə 300 metr hündürlükdə eniş zamanı orta hesabla 70 desibel səs yaradır. Lakin bəzi modellər demək olar ki, tam səssizdir.

“Slashgear” nəşrinin yazdığına görə, mühərrik səsinin azalması mühəndislikdə mühüm mərhələ sayılır və müasir texnologiyalar bu səviyyəni təxminən 90 faiz azaltmağa imkan verib. Belə təyyarələrdən biri də ABŞ-da Vyetnam müharibəsi dövründə kəşfiyyat məqsədilə hazırlanmış “Lockheed YO-3A” modelidir. Onun uzunluğu təxminən 9 metr, qanad açıqlığı 17 metr, uçuş hündürlüyü isə 4200 metrə qədərdir. Lakin real tapşırıqlarda o, çox vaxt cəmi 600 metr hündürlükdə uçurdu.

Adi qırıcılar və bombardmançılar radiodalğaları udmaq və ya səpələmək yolu ilə radar aşkarlanmasından yayınsalar da, vizual olaraq görünə bilirlər. “Lockheed YO-3A” isə tam fərqli idi – onu gecə vaxtı nə patrullar, nə də düşmən qüvvələri görə bilirdi.

Təyyarə infraqırmızı görüntüləmə sistemi və periskopla təchiz olunmuşdu. Bu, amerikalı pilotlara Vyetnam müharibəsi zamanı meşəlik ərazilərdə düşməni səssiz şəkildə müşahidə etməyə imkan verirdi. Partizan müharibəsinin geniş yayıldığı şəraitdə bu xüsusiyyət kəşfiyyat üçün həlledici idi.

1967-ci ildə Qabaqcıl Tədqiqat Layihələri Agentliyi (DARPA) bu istiqamətdə işə başladı. Mühəndislər “Schweitzer SGS 2-32” planeri üzərində dəyişikliklər edərək sınaq modeli hazırladılar. Nəticədə QT-2 adlı prototip yarandı və o, sonradan “Sakit ulduz” (Quiet Star) adlandırıldı. Bu ad təyyarənin yavaş fırlanan pərləri və aşağı səslə işləyən mühərrikinə görə verildi.

Uzmanların sözlərinə görə, bir çox sınaq modelləri kağız üzərində qalır, lakin “Sakit ulduz” istisna idi – o, faktiki olaraq döyüş tapşırıqlarında istifadə olunurdu. Vyetnam müharibəsi ərzində bu təyyarə yalnız bir dəfə aşkarlandı – pilot eniş işıqlarını yandırdığı üçün yerini ələ vermişdi.

Ümumilikdə amerikalılar 11 belə təyyarə hazırladılar və hər biri konkret əməliyyat tapşırıqlarını uğurla yerinə yetirdi. Müharibədən sonra “Lockheed YO-3A” modelləri ABŞ-da xidmətini davam etdirdi: Federal Təhqiqatlar Bürosu (FBI) onları gizli müşahidə əməliyyatlarında, Luiziana ştatının Vəhşi Təbiət və Balıqçılıq Departamenti isə brakonyerlərin izlənməsində istifadə edirdi.

Samir
 

0