Cənubi Çində alimlər böyük bir asteroidin düşdüyünə dair sübutlar tapıblar.
HİT.az bu barədə "South China Morning Post"a (SCMP) istinadən xəbər verir.
Kosmik cisim təxminən 10 min il əvvəl, artıq insan sivilizasiyasının fəal şəkildə inkişaf etdiyi bir dövrdə Quandonq əyalətinin ərazisinə düşüb.
Kraterə Czinlin (Jinlin) adı verilib və o, Çjaotsin (Zhaoqing) şəhəri yaxınlığında yerləşir. Alimlərin sözlərinə görə, bu, Çin ərazisində təsdiqlənmiş beşinci asteroid düşmə yeri və ölkənin cənub hissəsində aşkar edilmiş ilk belə obyektdir.
Formasına görə krater təxminən 900 metr diametrli maili bir kasa şəklindədir. Mütəxəssislərin hesablamalarına əsasən, onu təxminən 30 metr ölçüdə olan kosmik cisim yaradıb. Düşmə anında 600 min ton trotilin partlayışına, yəni Hiroşimaya atılmış 40 atom bombasına bərabər enerji ayrılıb.
Alimlərin fikrincə, bu toqquşma ətraf mənzərəni kökündən dəyişdirib və partlayış mərkəzindən bir neçə kilometr məsafədəki bitkilər və heyvanlar üçün fəlakətə çevrilib.
Kraterin mənşəyini təsdiqləmək üçün tədqiqatçılar kvars nümunələrini araşdırıblar və mikroskopik şüşə təbəqələri aşkarlayıblar. Belə strukturlar yalnız ekstremal təzyiq və temperatur şəraitində — məsələn, asteroid zərbəsi zamanı — əmələ gələ bilər.
Hazırda alimlər kraterin dəqiq yaşını müəyyənləşdirir və onun geoloji quruluşu ilə eroziya dərəcəsini tədqiq etməyə davam edirlər.
Samir


