Səki üzərində yıxılan qadın 7,5 milyon dollar təzminat aldı

DÜNYA
21:12 / 27.10.2025
47

ABŞ-da bir qadına səki üzərində yıxıldıqdan sonra 7,5 milyon dollar təzminat ödənməsi qərara alınıb.

HİT.az bu barədə "People" portalına istinadən xəbər verir.

Kaliforniyalı müəllimə Castin Qurrola ictimai səki üzərində aldığı xəsarətlərə görə Vittier şəhər rəhbərliyinə qarşı məhkəmədə qalib gəlib. Onun sözlərinə görə, səkinin bərabər olmayan hissəsində — ağac köklərinin qaldırdığı yerdə ilişərək üzüüstə yıxılıb. Məhkəmə sənədlərinə əsasən, qadın bilək, dirsək və burun sümüklərini sındırıb, həmçinin diz, boyun və bel nahiyəsində xəsarətlər alıb. Həkimlər ona yüngül beyin silkələnməsi və xroniki ağrılar diaqnozu qoyublar — bu ağrılar bu gün də davam edir.

Məhkəmə prosesi bir neçə həftə çəkib. Sonda andlılar məhkəməsi yekdilliklə Vittier şəhərini tam günahkar sayıb. Qadının vəkili bildirib ki, yerli hakimiyyət illərlə sakinlərin zədələnmiş səki barədə şikayətlərini qulaqardına vurub və müntəzəm yoxlama və təmir mexanizmləri tətbiq etməyib.

“İctimai təhlükəsizlik təkcə polis və yanğınsöndürənlərlə məhdudlaşmır. O, həm də infrastrukturun qaydasında saxlanması deməkdir ki, insanlar səhlənkarlıq ucbatından xəsarət almasın və ya həyatını itirməsin. Fəlakəti gözləmək yolverilməzdir", deyə vəkil vurğulayıb.

Qurrola isə bildirib ki, onun iddiası pul üçün deyil, bu cür hadisələrin gələcəkdə qarşısını almaq məqsədi daşıyır:

"Yıxılandan sonra sevdiyim bir çox işi görə bilmədim və bu, məni çox sarsıtdı. Ən əsası odur ki, başqa heç kim mənim kimi əziyyət çəkməsin".

Samir
 

0