ABŞ-ın Manhetten məhkəməsi Rusiyada “qanuni oğrular” şəbəkəsi ilə əlaqəli olduğu güman edilən iki nəfəri iranlı jurnalist və insan haqları fəalı Məsih Əlinəjadın qətlini planlaşdırmağa cəhd etdiklərinə görə 25 il azadlıqdan məhrum edib.
Hit.az Federal prokurorluğun yaydığı məlumata istinadən xəbər verir ki, 2022-ci ildə Nyu-Yorkda Əlinəjadın evi yaxınlığında planlaşdırılan sui-qəsd İran İnqilab Keşikçiləri Korpusunun (KSK) generalı Ruhullah Bazqandi tərəfindən sifariş olunub. Məqsəd jurnalisti susdurmaq və digər hökumət tənqidçilərinə gözdağı vermək olub.
İttihama əsasən, Bazqandi bu məqsədlə 46 yaşlı Rusiya və Azərbaycan vətəndaşı Rafət Əmirovla əlaqə saxlayıb. Əmirov İranda yaşasa da, Rusiyada fəaliyyət göstərən cinayətkar qruplaşmanın rəhbərlərindən biri sayılır. O, sui-qəsdin təşkilinə 41 yaşlı Gürcüstan sakini Polad Omarovu da cəlb edib. Prokurorluq onların hər ikisini “Rusiya mənşəli azərbaycanlı cinayətkar şəbəkəsinin üzvləri” adlandırıb.
Qətli həyata keçirmək üçün seçilən icraçı — Nyu-Yorkda yaşayan azərbaycanlı Xalid Mehdiyev — sonradan polis tərəfindən saxlanılıb və prokurorluqla əməkdaşlığa başlayıb. O, Əlinəjadı bir həftə izləyib, lakin avtomobilində “Kalaşnikov” avtomatı ilə tutulub.
İstintaqın məlumatına görə, Əlinəjada qarşı daha bir sui-qəsd planı da hazırlanıb. Bu iş üzrə Nyu-York sakini Karlayl Rivera artıq günahını etiraf edib.
Əmirov və Omarov məhkəmədə ideoloji motivlərinin olmadığını, cinayətə görə onlara 500 min dollar vəd olunduğunu bildiriblər. Müdafiə tərəfi 10–13 il, prokurorluq isə 55 il həbs tələb edib.
Hakim Kolin Makmen yekunda hər iki şəxsə 25 il həbs cəzası verib. O bildirib ki, “bu plan siyasi motivli idi və ABŞ belə hərəkətlərə dözməyəcək”. 
Omarov ABŞ-a 2023-cü ildə Çexiya hakimiyyəti tərəfindən ekstradisiya olunub.
Abbas
 
										 
										 
										 
										 
										 
										 
										
