Əgər istixana qazlarının emissiyası kəskin azaldılmasa, Yer təhlükəli “istixana trayektoriyası"na”ə – iqlim xaosuna aparan yola düşə bilər.
Hit.az “Live Science” portalına istinadən xəbər verir ki, bu barədə Yer kürəsinin “sağlamlıq göstəricilərini” izləyən alimlərin yeni hesabatında qeyd olunub.
Araşdırmaya əsasən, bu göstəricilərin 34-dən 22-si hazırda “qırmızı siqnal” vəziyyətindədir və qlobal böhranı əks etdirir.
Bu “həyati göstəricilərə” atmosferdəki karbon və metan qazlarının konsentrasiyası, okeanların istiləşməsi, dəniz səviyyəsinin qalxması və 1961–1990-cı illərlə müqayisədə həddindən artıq isti günlərin payı daxildir.
“Onların əksəriyyəti 2024-cü ildə rekord səviyyəyə çatıb. 2025-ci il isə bu narahatedici tendensiyanı davam etdirir”, deyə 29 oktyabrda "BioScience" jurnalında dərc olunmuş elmi məqalədə qeyd olunur.
Oreqon Universitetinin ekologiya professoru və tədqiqatın həmmüəllifi Uilyam Rippelin sözlərinə görə, 2024-cü il müşahidələr tarixində ən isti il olub və yəqin ki, “son 125 min ilin ən isti dövrü” kimi qalacaq. Həmin il okean temperaturu, buzlaqların ərimə sürəti, meşə yanğınları və mərcan riflərinin solğunlaşması üzrə antirekordlar qeydə alınıb.
Rippel və həmkarları “Yer kürəsinin həyati göstəriciləri” sistemini 2020-ci ildə yaratmışdılar. Beş il sonra onlar xəbərdarlıq edirlər ki, insanlıq bir sıra dönüş nöqtələrini keçə bilər – bu, planeti öz-özünü qızdıran vəziyyətə gətirəcək. Belə halda, Yer hətta emissiyaların əhəmiyyətli azaldılmasından sonra da istiləşməyə davam edəcək.
Hazırda planetin orta temperaturu 1850–1900-cü illərlə müqayisədə 1,2°C yüksəkdir. Əgər dövlətlər yeni iqlim siyasətləri qəbul etməsə, istiləşmə 2100-cü ilə qədər 3,1°C-yə çata bilər. Bu, son 11 min ildən çox davam edən holosen dövrünün sabit iqlim mərhələsinin misilsiz şəkildə pozulması demək olacaq.
“Məhz bu sabitlik bəşəriyyətə kənd təsərrüfatını inkişaf etdirməyə, daimi yaşayış məskənləri qurmağa və sivilizasiyalar yaratmağa imkan verib. İndi isə bu sabit dövr sürətli və təhlükəli iqlim dəyişiklikləri mərhələsi ilə əvəz olunur”, deyə hesabat müəllifləri bildirirlər.
Qlobal temperaturun artması buzlaqların dağılması, daimi donmuş torpaqların əriməsi və Yer səthinin Günəş enerjisini əks etdirmə qabiliyyətinin zəifləməsi riskini artırır. Bu proseslər bir-birini izləyən zəncirvari reaksiyalar yarada bilər və nəticədə iqlim sistemi getdikcə daha çox sabitliyini itirər.
Hesabatda göstərilən ən ciddi risklər arasında bioloji müxtəlifliyin azalması, içməli su qıtlığı və Şimal yarımkürəsinə istilik daşıyan Atlantik meridional dövranının zəifləməsi də var.
Bununla belə, alimlər vurğulayırlar ki, hələ də hərəkətə keçmək üçün vaxt var. Pensilvaniya Universitetinin professoru Maykl Mann qeyd edib ki, fəlakətin qarşısını almağın əsas açarı sürətli dekarbonizasiyadır.
Samir
 

										
										
										
										
										
										
										
										
