ABŞ-ın dünyanı 150 dəfə partlada biləcək qədər nüvə silahı var - Tramp

DÜNYA
19:50 / 03.11.2025
60

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, ölkəsinin dünyanı 150 dəfə partlada biləcək qədər nüvə silahı var. O, həmçinin bildirib ki, ABŞ nüvə sınaqları keçirməyən yeganə dövlət olmaq istəmir.

Hit.az xəbər verir ki, Tramp bu fikirləri "CBS News" telekanalına müsahibəsində səsləndirib:

“Bizim digər ölkələrdən daha çox nüvə silahımız var. Denuklearizasiya ilə bağlı nəsə etmək lazımdır".

Prezidentin sözlərinə görə, o, bu məsələni Çin lideri Si Szinpin və Rusiya prezidenti Vladimir Putinlə də müzakirə edib:

“Bizim dünyanı 150 dəfə partlada biləcək qədər nüvə silahımız var. Rusiyanın çox, Çinin isə getdikcə artan nüvə arsenalı mövcuddur".

Tramp vurğulayıb ki, ABŞ nüvə sınaqları məsələsində digər dövlətlərdən geri qalmaq istəmir:

“Biz də digər ölkələr kimi nüvə sınaqları keçirəcəyik. Rusiya bunu edir, Çin də edir, amma onlar bunu gizlədir. Biz açıq cəmiyyətik. Biz fərqliyik və bu barədə açıq danışırıq".

Oktyabr ayının sonunda Tramp Pentaqona nüvə sınaqlarına başlamaq göstərişi verib. Prezident bildirmişdi ki, bu qərarı qəbul etmək istəməsə də, başqa çıxış yolu qalmayıb.

Bu addım ABŞ Konqresində fikir ayrılığı yaradıb: respublikaçılar qərarı dəstəkləsə də, demokratlar onu təhlükəli və məsuliyyətsiz adlandırıblar.

Samir


 

0