ABŞ donanmasının ikonasını batırmağa hazırlaşırlar: Nəhəng süni rifə çevriləcək

DÜNYA
21:26 / 03.11.2025
57

Soyuq müharibə dövrünün əfsanəvi okean layneri "SS United States" tezliklə suyun dibinə endirilərək dünyanın ən böyük süni rifi olacaq. Bir vaxtlar Amerika dəniz qüdrətinin rəmzi sayılan bu gəmi illərdir öz taleyini gözləyirdi.

Hit.az xəbər verir ki, "SlashGear" nəşrinin məlumatına görə, 1952-ci ildə istismara verilmiş və uzun müddət sərnişin daşıyan "SS United States" hazırda Floridanın Okalusa dairəsinə məxsusdur. Dairə bir neçə şirkətlə birgə gəmiyə yeni həyat vermək məqsədilə onun təxminən 20 mil məsafədə, Destin şəhəri sahillərində batırılması üçün iri miqyaslı əməliyyat hazırlayır.

Təşkilatçılar bildiriblər: “Bu prosesi həm təhlükəsiz, həm də möhtəşəm şəkildə həyata keçirməyə çalışırıq. İstəyən hər kəs əfsanəvi laynerin okean dibinə enməsini canlı yayımla izləyə biləcək".

Gəminin rifə çevrilməsi üçün mühəndislər gövdəsində xüsusi deşiklər açır, bununla da batırıldıqdan sonra onun vertikal vəziyyətdə qalması təmin olunur. Layner bütün təhlükəli materiallardan təmizlənir. Simvolik bacalar kimi bəzi elementlər isə quruda qalacaq və gələcəkdə "SS United States" muzeyində nümayiş etdiriləcək.

Batırıldıqdan sonra gəmi minlərlə dəniz canlısı — balıqlar, tısbağalar və mərcanlar üçün yeni ekosistem yaradacaq.

Batırılma tarixi təhlükəsizlik səbəbilə hələ açıqlanmayıb, lakin əməliyyatın 2025-ci ilin sonunda baş tutacağı gözlənilir.

"SS United States" 1952-ci ildəki ilk səfərində Atlantik okeanını ən qısa müddətdə keçərək sürət rekordu qırmış və bu göstərici hələ də yenilənməyib. Layner batırıldıqdan sonra 2006-cı ildə süni rifə çevrilmiş "USS Oriskany" gəmisi ilə eyni dəniz altı ailəyə qoşulacaq.

Samir
 

0