“Bloomberg” agentliyinin məlumatına görə, ABŞ-ın “Lukoyl” və “Rosneft” kimi Rusiya enerji nəhənglərinə qarşı tətbiq etdiyi yeni sanksiyalardan sonra Çin neft emalı zavodları rus neftinin bir hissəsindən imtina etməyə başlayıb.
Hit.az-ın məlumatına görə, analitiklər hesab edirlər ki, bu, Rusiyanın Çinə neft ixracını 45 faizədək – gündə təxminən 400 min barel – azalda bilər.
Treyderlərin bildirdiyinə əsasən, dövlətə məxsus “Sinopec” və “PetroChina Co.” şirkətləri sanksiyalardan sonra Rusiya neftinin bir hissəsini almaqdan vaz keçiblər. Kiçik özəl neft emalı müəssisələri də Qərb tərəfindən məhdudiyyətlərə məruz qalmaq qorxusu ilə rus xammalının alınmasını dayandırıblar.
Sanksiyalardan ən çox təsirlənən növlərdən biri, Çində geniş istifadə olunan ESPO markalı rus neftidir. Onun qiymətləri son günlərdə kəskin ucuzlaşıb.
Rusiya indiyə qədər Çinin ən iri xarici neft tədarükçüsü statusunu, əsasən, neftini sanksiyalar səbəbindən böyük endirimlə satması hesabına qoruyub saxlayırdı. Lakin indi Çin hökumətinin idxala qoyduğu məhdudiyyətlər dünya bazarında digər ixracatçılara, o cümlədən ABŞ-a, yeni imkanlar aça bilər.
Qeyd olunur ki, ötən həftə ABŞ və Çin arasında ticarət münasibətlərində müəyyən yumşalma əldə olunub.
Eyni zamanda, “Rystad Energy AS”in məlumatına görə, Çində fəaliyyət göstərən bəzi özəl neft emalı müəssisələri vəziyyəti yaxından izləyir və sanksiyalara məruz qalma riskindən yayınmaq üçün yeni sifarişlər vermir. Buna baxmayaraq, “Yulong” adlı zavod Qərb daşımacıları tərəfindən “qara siyahı”ya salındıqdan sonra alternativin olmaması səbəbindən Rusiya neftindən daha aktiv istifadə etməyə başlayıb.
“Bloomberg” qeyd edir ki, Donald Tramp və Si Szinpin arasında baş tutan son görüş vəziyyəti daha da mürəkkəbləşdirib. Rəsmilər bəzi ticarət kateqoriyalarında yeni qaydalar müəyyənləşdirsələr də, Rusiya nefti ilə bağlı hər hansı konkret qərar açıqlanmayıb.
ABŞ-ın Rusiya enerji şirkətlərinə qarşı sanksiyaları
22 oktyabrda ABŞ prezidenti Donald Tramp ilk dəfə olaraq Rusiya Federasiyasına qarşı sanksiyalar elan edib. Məhdudiyyətlər “Lukoyl” və “Rosneft” şirkətlərini əhatə edir. Prezident Tramp jurnalistlərin əlavə sanksiyalarla bağlı suallarına “Tezliklə biləcəksiniz” cavabını verib.
Samir


