Belçika necə “casus əməliyyatı”nın hədəfinə çevrildi? - Müdafiə naziri açıqladı

DÜNYA
20:54 / 03.11.2025
56

Belçikanın müdafiə naziri Teo Franken “RTBF” telekanalına müsahibəsində ölkəyə qarşı pilotsuz uçuş aparatlarının (PUA) istifadəsi ilə “casus əməliyyatı” keçirildiyini açıqlayıb.

HİT.az xəbər verir ki, nazir bu açıqlamanı noyabrın 2-də “X” sosial şəbəkəsində paylaşdığı məlumatı şərh edərkən verib. 

Frankenin sözlərinə görə, noyabrın 1-nə keçən gecə ölkədəki “Klyayne-Brogel” aviabazasının üzərində bir neçə iri ölçülü PUA aşkar edilib. Qeyd olunan bazada ABŞ-a məxsus taktiki nüvə silahı saxlanılır.

Franken bildirib ki, silahlı qüvvələrdə olan radioelektron mübarizə sistemi (REM) dronları zərərsizləşdirməkdə aciz qalıb. Əraziyə cəlb edilən polis helikopteri də uçan aparatlara çata bilməyib.

“Bu, casusluq əməliyyatına bənzəyir. Kimin tərəfindən həyata keçirildiyini bilmirəm. Fikirlərim var, lakin ehtiyatlı olmaq istəyirəm — istintaq davam edir”, – deyə nazir vurğulayıb.

Frankenin fikrincə, hadisənin “casus əməliyyatı” olmasına dəlalət edən əsas amil aviabazadakı REM sisteminin təsirsiz qalmasıdır: “Onlar tezlikləri dəyişiblər. Həvəskarlar bunu edə bilməzdi.” Nazir əlavə edib ki, oktyabr ayında başqa bir Belçika aviabazası – “Florən” üzərində müşahidə olunan dronlar isə “naməlum casuslar” tərəfindən sadəcə “tezliklərin və hakimiyyətin reaksiyasının yoxlanılması” məqsədilə göndərilmişdi.

Teo Franken daha əvvəl “Moskvanı dünyanın xəritəsindən silməklə” bağlı səs-küylü bəyanatı ilə tanınıb. Sonradan o, bu ifadədən imtina edərək jurnalistləri sözlərini təhrif etməkdə ittiham edib.

Bundan əvvəl Belarus rəsmiləri Avropa İttifaqı sərhədini keçən hava şarlarının Litvaya məxsus olduğunu açıqlamışdılar.

Samir

0