Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Romada tarixi bir qüllənin uçmasını istehza ilə şərh edib.
HİT.az-ın məlumatına görə, onun fikrincə, bu hadisə ona görə baş verib ki, İtaliya "vergi ödəyicilərinin vəsaitini müharibəyə xərcləyir", öz inkişafına yox. Buna cavab olaraq İtaliya XİN Rusiyanın səfirini etiraz notasını təqdim etmək üçün dəvət edib.
Məlum olduğu kimi, 3 noyabrda Romanın mərkəzində bərpa işləri aparılan orta əsrlərə aid Torre-dei-Konti qülləsi qismən uçub. Bu, qüllənin içərisində dörd işçi olarkən baş verib. On bir saat dağıntılar altında qalan işçilərdən biri daha sonra xəstəxanada vəfat edib.
Hadisədən sonra Zaxarova öz "Telegram "kanalında yazıb ki, İtaliya Ukraynaya yardıma milyardlarla avro xərcləyir, buna görə də bütövlükdə çökəcək:
"İtaliya hökuməti vergi ödəyicilərinin pulunu boş yerə xərclədiyi müddətcə, İtaliya iqtisadiyyatdan qüllələrə qədər hər şeyi ilə bütövlükdə çökəcək".
Cavab olaraq İtaliyanın xarici işlər naziri Antonio Tayani onun sözlərini "iyrənc" və "ədəbsiz" adlandırıb. Onun reaksiyası ANSA nəşri tərəfindən dərc edilib:
"Biz həmişə ən zəiflərə, çətin vəziyyətdə olanlara, hücuma məruz qalanlara həmrəylik və dostluq göstərəcəyik. Buna görə də Ukrayna xalqını dəstəkləyirik. Çünki biz italyanıq".
O, həmçinin qeyd edib ki, bir fəlakət baş verəndə dağıntılar altında qalan və zərər çəkən işçilər üzərində spekulyasiya etmək olmaz:
"Biz heç vaxt belə etməmişik: Rusiyada fəlakətlər baş verəndə biz həmişə həmrəylik göstərmişik".
Samir


