Dünyada 2029-cu ilə qədər 100 milyondan çox yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır.
HİT.az xəbər verir ki, bu barədə Kiel Dünya İqtisadiyyatı İnstitutunun (IfW) “Qlobal Əmək İndeksi” (Global Jobs Index) hesabatına istinadən Avstriyanın “Kronen Zeitung” qəzeti məlumat yayıb.
Ekspertlərin fikrincə, hazırda Avropada əhalinin yaşlanması iş yerlərinin artımını ləngidir. Analitiklər yaxın illərdə əmək mərkəzinin Afrikaya doğru sürüşəcəyini, çünki bu qitədə əhalinin sürətlə artdığını bildirirlər.
Hesabatda qeyd olunur ki, Asiyada məşğulluq 21 milyon nəfər, Cənubi Amerikada 9 milyon nəfər, Şimali Amerikada isə 4 milyon nəfər artacaq. Bunun əksinə olaraq, “yaşlanan Avropada” məşğulluq səviyyəsi sabit qaldığı təqdirdə 7 milyon nəfər azalacaq.
Mütəxəssislərin qiymətləndirməsinə görə, Afrikaya yönələn sərmayələr qitənin iqtisadi sabitliyinə töhfə verəcək və miqrasiya təzyiqini azaldacaq.
Samir


