55 illik fasilədən sonra alimlər Türkmənistanın Qaraqum səhrasında əvvəllər yoxa çıxdığı güman edilən "Türküstan uzunqulaqlı yarasası"nı yenidən aşkarlayıblar.
Hit.az xəbər verir ki, bu barədə "IFLScience" məlumat yayıb.
Sonuncu dəfə bu növ 1970-ci ildə müşahidə olunmuşdu və ondan sonra onunla bağlı nə fotoşəkil, nə də təsdiqlənmiş məlumat mövcud idi. Bir çox tədqiqatçı bu yarasanın artıq məhv olduğunu düşünürdü.
Bu il alimlər növün əvvəllər məskunlaşdığı Türkmənistana ekspedisiya təşkil ediblər. Axtarışlar zamanı dağıdılmış tikilinin uçurumunda gizlənən gənc dişi yarasa və Özbəkistan sərhədindən 87 kilometr uzaqlıqda yerləşən mağarada isə yetkin erkək fərd tapılıb. Məlumdur ki, bu yarasalar əsasən mağaralarda və süni tikililərdə – o cümlədən quyularda yaşayırlar.
Bu, növün son 55 ildə ilk dəfə qeydə alınması hadisəsidir. Eyni zamanda, tarixdə ilk dəfə olaraq bu yarasanın fotoşəkilləri çəkilib.
"Tapılan erkək fərdin Özbəkistan sərhədinə yaxınlığı onun həmin ölkədə də populyasiyasının mövcud ola biləcəyini göstərir. Qaraqum səhrasında yarasaların sayının azalması, çox güman ki, iqlim dəyişikliyi ilə əlaqədardır. Artan temperatur səhranı daha da quraqlaşdırıb və bitki örtüyünə təsir edib. Lakin Türkmənistan hökuməti bu ərazidə 50 min hektardan çox sahəni əhatə edəcək qoruq yaratmağı planlaşdırır ki, bu da yarasaları və digər növləri – məsələn, vəhşi eşşəkləri və ceyranları qorumağa kömək edəcək", deyə "IFLScience" qeyd edir.
Samir


