Ukrayna ordusunda amputasiya böhranı: Nə baş verir?

DÜNYA
15:30 / 06.11.2025
46

Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzü nəticəsində on minlərlə ukraynalı hərbçi döyüş bölgəsindən amputasiya olunmuş vəziyyətdə qayıdır və onların çoxu ömürboyu tibbi və sosial dəstəyə ehtiyac duyacaq. 

Hit.az "The Telegraph"a istinadən xəbər verir ki, bu amputasiyaların hamısı birbaşa döyüş yaralanmalarının nəticəsi deyil.

Ukraynanın baş hərbi cərrahının sözlərinə görə, belə amputasiyaların təxminən 1/4-i sadə tibbi vasitədən – turniketdən – düzgün istifadə edilməməsi səbəbindən baş verir.

Mövcud tibbi təlimat ABŞ və onun müttəfiqlərinin İraq və Əfqanıstandakı təcrübəsinə əsaslanır, lakin bu yanaşma Ukraynada gedən müharibənin xüsusiyyətlərinə uyğun gəlmir.

Keçmiş ABŞ Hərbi Dəniz Qüvvələri həkimi, hazırda Ukraynada könüllü kimi fəaliyyət göstərən kapitan Rom Stivens bildirib ki, 2022-ci ildə Rusiya genişmiqyaslı işğala başladıqdan sonra bütün amerikalıların döyüşdə yaralılara yardım barədə taktiki təlimatları (TCCC) ukrayn dilinə tərcümə edilib, amma həmin qaydalar "tamamilə başqa tip müharibə" üçün nəzərdə tutulub.

Stivensin sözlərinə görə, o, Ukraynada turniketlərin səhv tətbiq olunmasının və onların uzun müddət bədəndə qalmasının fəsadlarını şəxsən görüb. Onun müşahidələrinə əsasən, sağlam, gənc kişilər arasında yuxarı ətraf amputasiyaları çoxalıb:

“Sağlam, gənc kişilərdə çoxlu sayda yuxarı ətraf amputasiyası halları gördüm – bəzən hər iki ayağın, hətta hər iki qolu itirənlər var. Çox vaxt protezlər uyğun gəlmir, çünki amputasiya çox yuxarı səviyyədə aparılıb”.

Məqalə müəllifləri qeyd edirlər ki, əmək qabiliyyətli yaşda olan kişilər arasında bu miqyasda amputasiyalar Ukraynanın gələcəyi üçün dərin sosial-iqtisadi nəticələrə gətirib çıxaracaq.
Britaniya ordusunun keçmiş cərrah-məsləhətçisi və tibb zabiti Ed­di Çaloner bildirib ki, Ukraynada hamı bu münaqişədən zərər çəkib və on illərlə onun iqtisadi, psixoloji və sosial nəticələrini hiss edəcək. 
Onun sözlərinə görə, Ukraynanı müdafiə edənlərin çoxu səfərbər edilmiş vətəndaşlardır:

“Dövlət onlara xidmətə gəlməyi və öz həyatlarını riskə atmağı əmr edib ki, Ukraynanı suveren dövlət kimi müdafiə etsinlər. Vətəndaşlar bu borcu yerinə yetirəndə, dövlətin də yazılmamış müqaviləyə əsasən onlara psixoloji və ya fiziki zərər görsələr belə, qayğı göstərəcəyi gözlənilir".

Çaloner xəbərdarlıq edir ki, bu “razılaşmanın” pozulması cəmiyyət üçün ciddi nəticələr doğura bilər:

“Tarix göstərir ki, birinci dünya müharibəsindən sonra əlil veteranlar çox təsirli siyasi qüvvəyə çevrilmişdilər. İndi bu halın fərqli olacağına heç bir səbəb görmürəm".

"The Telegraph" yaxınlarda yayımladığı başqa bir araşdırmada, Ukraynada insult hallarının da kəskin artdığını yazıb. Məlumata görə, Rusiya işğalının başlanmasından bəri insultların sayı 16 faiz yüksəlib, halbuki ölkə əhalisinin sayı əhəmiyyətli dərəcədə azalıb.

Cəbhəyanı bölgələrdə isə bu göstərici 60 faizə qədər artıb, ən yüksək rəqəmlər Xarkov vilayətində qeydə alınıb.

Aydın
 

0