Uzaq Arktika adaları Rusiyanın hibrid təcavüzü səbəbilə yeni təhlükə ilə üzləşir - FT

DÜNYA
19:44 / 17.11.2025
43

Arktika ölkələri hesab edir ki, sualtı internet kabel zədələrinə görə məsuliyyət daşıdığı güman edilən Rusiyanın hibrid müharibə təhlükəsi Baltik dənizindən uzaq şimala, Arktikaya doğru hərəkət edir. 

HİT.az xəbər verir ki, "Financial Times" qəzetinin yazdığına görə, ilk növbədə Qrenlandiya, İslandiya və Farer adaları təhlükə altında ola bilər. Bunların hamısı qitədən uzaq adalardır.

Nəşr qeyd edib ki, hazırda bu adaların məhdud sayda sualtı kabeli var. Xüsusən də onları Böyük Britaniya ilə müqayisə etdikdə. Məsələn, Farer adalarının cəmi iki kabeli var.

Buna görə də Danimarka və Qrenlandiya bir-biri ilə yeni məlumat ötürülmə kabeli çəkməyi planlaşdırır, uzaq Farer adaları isə arxipelaqdan keçəcək xəttin çəkilməsi ilə bağlı danışıqlar aparır. Danimarka parlamentinin Qrenlandiyadan olan deputatı Aaya Çemnits bildirib ki, nəhəng Arktika adasında Kanadadan gələn bir internet kabeli və İslandiyadan gələn bir kabel var idi.

"Qərb dünyasında gördüyünüz həssaslığı burada 1000-ə vurmaq olar. Kablerimizdən birini kəssəniz, altı-doqquz ay internetimiz olmayacaq", deyə Aaya Çemnits jurnalistlərə bildirib.

Əlavə kabelin çəkilməsi, bir bağlantının zədələnməsi halında digərlərinin fasiləsiz əlaqəni dəstəkləməsinə zəmanət verəcək.

Keçən ay Danimarka F-35 qırıcı təyyarələrinə və Arktikada təhlükəsizliyin gücləndirilməsinə, o cümlədən Qrenlandiyaya yeni kabel daxil olmaqla, 8,7 milyard dollar xərcləyəcəyini bildirib. Farer adaları ilə də birləşdirmə imkanı müzakirə olunacaq.

Nəşr qeyd edir ki, Arktikanın uzaqlığı və aşağı əhalisi onu hibrid təhdidlər qarşısında həssas edir. Bölgə hələ də yüksək profilli hadisələrdən yayınsa da, məmurlar şübhələnirlər ki, bəzi hücumlar görünməz qala bilər.

Arktikada və ya ona yaxınlıqda artıq bir neçə kabel zədələnib, amma günahkar müəyyən edilməyib. Şetland, Orkney və Farer adalarını Şotlandiyaya birləşdirən kabel bu yaxınlarda üç dəfə zədələnib: bir dəfə 2022-ci ildə və iki dəfə 2025-ci ildə. Bu, Şotlandiyanın adalarında internetin olmamasına təsir göstərib.

2022-ci ilin yanvarında Norveçin Arktika Şpitsbergen arxipelaqına məlumat ötürülmə kabeli zədələnib. NRK ictimai yayımçısı müəyyən edib ki, bundan əvvəl rus balıqçılıq gəmisi onu 140 dəfədən çox keçib, lakin prokurorlar işi bağlayıb.

Bir çox Arktik ölkələrinin internet işi üçün peyk şirkətləri ilə ehtiyat müqavilələri var, amma onlar əlaqənin yalnız kiçik bir hissəsini əhatə edir. Xüsusilə, peyk rabitəsi Qrenlandiyanın tələbatının cəmi 1%-ni ödəyəcək.

İslandiya Baş naziri Kristrun Frostadottir "Financial Times"a bildirib ki, İslandiyanın kritik vacib ehtiyaclar üçün kifayət qədər ehtiyat müqaviləsi var.

Samir

0