Rusiya Avropaya necə hücum edə bilər? - Ekspert

DÜNYA
13:01 / 18.11.2025
43

Ukraynalı hərbi analitik İvan Stupakın sözlərinə görə, Rusiya Avropaya qarşı hibrid müharibəni çoxdan aktiv şəkildə aparır. Əgər Kreml klassik hərbi əməliyyatlara başlamağı qərara alsa, bunu xəbərdarlıq etmədən edəcək.

Hit.az xəbər verir ki, !nalitik bu fikirləri “KİYEV24” kanalının efirində səsləndirib.

Stupak bildirib ki, Rusiya hazırda Avropada atdığı bütün addımları müharibə kimi qəbul edir:

“Rusiya Federasiyası üçün onun Avropada gördüyü işlər artıq müharibədir. Asimmetrik, qeyri-xətti, hibrid – bunu necə adlandırmaq istəyirsiniz adlandırın. Amma bu proses davam edir”.

Ekspertin sözlərinə görə, Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov tez-tez sovet hərbi nəzəriyyəçisi Georgi İssersonun əsərlərinə istinad edir. Bu isə Kreml strategiyasının rəqibi tədricən və hiss olunmadan münaqişəyə cəlb etmək konsepsiyasına əsaslandığını göstərir.
Stupak xatırladıb:

“İsserson deyirdi ki, müharibələr elan edilmir — müharibələr başlanır. Gerasimovun ona istinad etməsi təsadüfi deyil”.

Analitik vurğulayıb ki, Avropada baş verənlər hələ Ukraynadakı kimi tammiqyaslı müharibə deyil — şəhərlərin bombalanması və artilleriya atəşləri yoxdur. Lakin Rusiya üçün bu, başqa vasitələrlə həyata keçirilən müharibədir və əsasən asimmetrik üsullardan ibarətdir. Onun fikrincə, Avropada klassik müharibənin başlayıb-başlamayacağı, yaxud nə vaxt başlaya biləcəyi hələlik məlum deyil.

Stupak Almaniyanın müdafiə naziri Boris Pistoriusun sözlərini də xatırladıb. Nazir ehtimal edib ki, Avropa “özünün sonuncu dinc yayını” yaşaya bilər. Analitik bu fikrin sadəcə ritorik ifadə olub-olmadığının bilinmədiyini, lakin Rusiyanın hansısa planlar qurduğunun demək olar ki, şübhə doğurmadığını deyib.

Xatırladaq ki, bundan əvvəl Boris Pistorius NATO-nun Rusiya ilə bağlı proqnozlarını yenidən nəzərdən keçirməli olduğunu demişdi. Onun fikrincə, Rusiya silahlı qüvvələrini kifayət qədər bərpa edərək Şərqi Avropada yerləşən NATO ölkələrindən birinə 2029-cu ildən də əvvəl hücum edə bilər.

Nazirə “NATO ölkələrinin müharibəyə hazırlaşmaq üçün hələ vaxtı varmı?” sualı verildikdə o qeyd etmişdi ki, hərbi ekspertlər və kəşfiyyat xidmətləri Rusiyanın hücum qabiliyyətini nə vaxt bərpa edə biləcəyini təxmin etmək imkanına malikdir.

Pistorius əlavə etmişdi ki, bunun 2028-ci ildən başlaya biləcəyi ehtimal olunur. Bəzi hərbi tarixçilər isə ötən yayın Avropanın “sonuncu dinc yayı” ola biləcəyini hesab edir.

Samir

0