Tarixi zənginliyi, təbiət gözəllikləri və qonaqlara fərqli səyahət təcrübələri təqdim edən çoxsaylı istiqamətləri ilə Türkiyə, nüfuzlu səyahət siyahılarında yerini möhkəmləndirməyə davam edir. Son olaraq, ölkə daha bir beynəlxalq tanınma əldə edib: dünyanın ən məşhur təbiət marşrutlarından biri olan Likya Yolu.
Böyük Britaniyanın məşhur Time Out jurnalının versiyasına görə, Likya Yolu, "Dünyanın Ən Gözəl Piyada Marşrutu” elan edilib. Fəthiyyə ilə Antalya arasında, Türk Rivierasının sahili boyunca uzanan bu yol, trekking həvəskarlarına həm təbiətin, həm tarixin, həm də açıq hava macəralarının dadını çıxarmağa imkan verir.
Türk Rivierasının mənzərəli və tarixi marşrutları
Türkiyənin Aralıq dənizi sahili, firuzəyi dənizlə əzəmətli Toros Dağları arasında uzanır və özünəməxsus piyada marşrutları ilə seçilir. Xüsusilə ilin bu dövrü bölgəni piyada kəşf etmək üçün ideal zamandır. Bu marşrutların ən məşhuru isə Türkiyənin ilk uzunməsafəli yolu sayılan və 500 kilometrdən artıq məsafəni əhatə edən Likya Yoludur.
Təbiəti, tarixi və yerli mədəniyyəti özündə birləşdirən bu marşrut qədim Likya yaşayış məntəqələrindən və UNESCO-nun siyahısına daxil edilmiş Ksantos-Letoon, Olympos, Patara və Myra kimi önəmli arxeoloji məkanlardan keçir. Yolboyu səyahətçilər, Üzümlü və Bezirgan kimi ənənəvi yaylaq kəndlərini ziyarət edə, marşrutun son nöqtəsinə yaxın olan Geyikbayırında qayaya dırmanma kimi açıq hava fəaliyyətlərini də sınaya bilirlər.
Paul Yolu: Tarix və mənəvi dərinlik
Türkiyənin iç bölgələrinin Bibliya dövrlərində necə göründüyünü hiss etmək istəyənlər üçün isə Paul Yolu ideal seçimdir. Antalya ərazisində yerləşən və ölkənin ikinci uzunməsafəli trekking marşrutu olan Paul Yolu, Həzrəti Pavelin missionerlik səfərləri zamanı keçdiyi qədim izləri təqib edir. Marşrutun iki ayrı qolu — biri Pergedən, digəri isə Köprülü Kanyon Milli Parkından başlayır və qədim Adada şəhərində birləşərək Sittaslow Yalvaçda yekunlaşır. Bu yol, səyahətçilərə həm təbii gözəllik, həm də mənəvi dərinliklə zəngin bir təcrübə təqdim edir.
Egey bölgəsində tarix yenidən canlanır
Egey bölgəsi həm mülayim hava şəraiti, həm də möhtəşəm yürüş marşrutları ilə seçilir. Buradakı ilk önəmli marşrut Kariya Yoludur — bu yol Türkiyənin ən uzun piyada yürüş yoludur. Qədim kariyalıların izlərini izləyən bu 850 kilometrlik marşrut dörd əsas hissəyə bölünür. Yol, Bozburundan (məşhur qayıq istehsalı və sakit koyları ilə tanınır) və badam bağları, eləcə də qədim Knidos şəhəri ilə seçilən Datçadan başlayaraq, Gökova körfəzində yerləşən Cittaslow Akyakaya və Mylasa (Milas), Alinda kimi şəhərlərin yerləşdiyi Daxili Kariya bölgəsinə qədər uzanır.
Efelər Yolu isə İzmirin ən yeni yürüş marşrutlarından biridir və Green Destinations tərəfindən "Top 100 Stories” siyahısına daxil edilən dayanıqlı turizm marşrutudur. 28 mərhələdən ibarət olan bu yol 27 əsas və bir alternativ marşrutu izləyir. Səyahətçilər burada türk xalqının azadlıq mübarizələrinin simvolu olan Efelərin mədəniyyətini yaxından müşahidə edə bilirlər. Marşrut, BMT-nin "Ən Yaxşı Turizm Kəndləri” siyahısında yer alan Birgi və Şirince kimi kəndlərdən keçir, qədim cığırlar və geniş yaylalar boyunca uzanır. Yürüş edənlər, ziyarət etdikləri hər kəndin özünəməxsus simvolu ilə möhürlənən "Efelər Yolu Pasportu”nu da toplaya bilirlər.
Frig Yolu: Tarix və mədəniyyət iç içə
Egey bölgəsinin iç hissəsində yerləşən Frig Yolu isə Afyonkarahisar, Kütahya, Eskişehir və Ankaranı əhatə edərək qədim friglilərin izlərini izləyir. Frig vadiləri, qayalıq landşaftları və çoxsaylı tarixi abidələrlə zəngindir. Buraya Kütahyada Ana Tanrıça Kibeleyə həsr olunmuş açıq hava məbədləri, Ankarada UNESCO siyahısında yer alan Frig mədəniyyətinin paytaxtı Qordion və Afyonkarahisardakı Ayazini kəndi daxildir — burada Frig Andavaz qalası, qaya məskənləri və qədim qəbirlər mövcuddur. Təxminən 500 kilometr uzanan Frig Yolu, istər Afyonkarahisardan, istər Kütahyadan, istərsə də Ankaradan başlansın, sonda friglilərin dini mərkəzi sayılan, Eskişehirdə yerləşən Yazılıkaya (Midas Abidəsi) ilə tamamlanır.





