Honq Konqun Kai Tak hava limanı hətta ən təcrübəli pilotları belə "tərlədir", çünki onun uçuş-enmə zolağı göydələnlər, dağlar və Viktoriya limanı arasında yerləşir.
HİT.az xəbər verir ki, "Mirror" qəzetinin yazdığına görə, bura dünyada təyyarə eniş etmək üçün ən dəhşətli yer hesab olunurdu. Qeyd olunur ki, 73 il ərzində milyonlarla sərnişin eniş zamanı oturacaq tutacaqlarından möhkəm yapışmaq məcburiyyətində qalırdı. Məsələ ondadır ki, təyyarələr şəhərə yaxınlaşaraq yaşayış binalarının yanından o qədər yaxın uçurdular ki, mənzillərdə nə baş verdiyini görmək mümkün idi.
“Honq Konq dönüşü” kimi tanınan manevr zamanı pilotlar təyyarəni son saniyədə 47 dərəcə sağa əllə yönləndirməli və birbaşa dağın üzərində çəkilmiş nəhəng dama taxtasına tərəf istiqamətləndirməli idilər. Bu qədər çətin olduğu üçün təhlükəsiz enişi təmin etmək məqsədilə pilotlar xüsusi hazırlıq keçməyə borclu idilər - cüzi səhv, qəza demək idi.
Təəccüblü deyil ki, hava limanı “Kay Tak ürək tutması” ləqəbini qazanmışdı.
Uçuş trayektoriyasının altında yaşayan insanlar danışığını belə yarımçıq kəsməli olurdu — çünki mühərriklərin səsi bütün məhəlləni silkələyirdi. Balkonlardan paltarları uçururdu. Fırtınalı günlərdə isə bütün şəhər nəfəsini içinə çəkirdi.
Bütün çətinliklərə baxmayaraq, Kay Tak böyük regional aviaşirkətlər üçün ən vacib hava qovşaqlarından biri idi və Honq Konqun iqtisadiyyatında mühüm rol oynayırdı.
Sonradan Honq Konq hakimiyyəti Lantao adasının yaxınlığında, ayrı bir adada yerləşən Çxeklapkokda yeni hava limanı tikməyə qərar verdi. 6 iyul 1998-ci ildə köhnə hava limanı bağlanarkən minlərlə insan son uçuşu izləmək üçün sahilə toplaşmışdı.
Bu gün bir vaxtlar dünyanın ən çətin hava limanı olan ərazi o qədər dəyişib ki, burada bir zamanlar təyyarələrin enib-qalxdığına inanmaq belə çətindir. Kay Tak indi hava limanını xatırlatmır — o, Honq Konqun sahil xəttinin yenidən qurulması layihəsinin mərkəzində yerləşən müasir, parlaq bir rayon halına gəlib.
Köhnə uçuş-enmə zolağı yenidən doğularaq Kay Tak kruiz terminalına çevrilib və indi nəhəng dəniz laynerlərini qəbul edir. Bir vaxtlar uçuş-enmə zolağının sonu olan sahə isə indi dəniz mənzərəli, sakit bir ictimai parka çevrilib.
Samir


