Trampın "sülh planı"nda nələr var? - WSJ

DÜNYA
14:49 / 20.11.2025
40

ABŞ-ın Ukraynadakı müharibəyə son qoymaq üçün sülh planı Kiyevin Rusiyaya əhəmiyyətli ərazi güzəştləri etməsini və sülhməramlı qüvvələrin yerləşdirilməsi və NATO-ya qoşulmaq tələblərindən imtina etməsini nəzərdə tutur.

HİT.az xəbər verir ki, bunu "The Wall Street Journal" yazıb.

ABŞ rəsmilərinin fikrincə, ABŞ Qəzzada atəşkəsə nail olmaq üçün istifadə etdiyi eyni yanaşmadan istifadə etməyə çalışır - bir neçə bənddən ibarət plan hazırlamağa və sonra müharibə edən tərəfləri onu qəbul etməyə məcbur etməyə.

"Lakin, bir Avropa rəsmisinin fikrincə, bu planın Kiyevdə və Avropa hökumətlərində güclü müqavimətlə qarşılaşması ehtimalı var", deyə məqalədə vurğulanır.

Nəşrin mənbələrinə görə, plan Ukraynanın hazırda Kiyevin nəzarətində olan ərazilər də daxil olmaqla, Donbasın bütün şərq bölgəsini Rusiyaya təhvil verməsini nəzərdə tutur.

"Ukrayna ən azı bir neçə il Şimali Atlantika Müqaviləsi Təşkilatındakı üzvlüyündən imtina etməyə razılaşmalı olacaq. Kiyevə ölkə ərazisində beynəlxalq sülhməramlı qüvvələr yerləşdirməyə icazə verilməyəcək. Rəsmilərin sözlərinə görə, bunun müqabilində Moskva Ukraynaya və ya digər Avropa ölkələrinə hücum etməməyi öhdəsinə götürəcək və bu vədi qanunla təsdiqləyəcək".

ABŞ administrasiyasının nümayəndəsinin dediyi kimi, Tramp artıq Rusiya tərəfindən ələ keçirilmiş əraziləri Ukraynaya qaytarmağı öz vəzifəsi hesab etmir. Bunun əvəzinə, o, hərbi əməliyyatlara son qoyacaq bir razılaşma axtarır.

ABŞ təklifinin tərəfdarları Rusiyanın döyüş meydanında irəliləməsi və Zelenskinin tərəfdaşları ilə bağlı korrupsiya qalmaqalının Kiyevə təzyiqi artıracağını və onu razılığa gəlməyə sövq edəcəyini bildirirlər.

"Lakin bu fərziyyə Qərb rəsmilərindən biri tərəfindən şübhə altına alındı. O, Zelenskinin korrupsiya istintaqı səbəbindən manevr etmək üçün daha az yerinin olduğunu və ölkəsinin təhlükəsizlik sahəsindəki fundamental mövqelərindən uzaqlaşmasının onun ölkə daxilindəki mövqeyini daha da sarsıdacağını söylədi", deyə WSJ yazır.

Samir
 

0