ABŞ prezidenti Donald Trampın Ukraynada müharibəni bitirmək barədə sülh planı ilk dəfə olaraq NATO Nizamnaməsinin 5-ci maddəsi əsasında qurulan təhlükəsizlik zəmanətlərini özündə cəmləyir. Bu, ABŞ və Avropa müttəfiqlərini Ukraynaya hücumu "bütün transatlantik birliyə hücum" kimi qiymətləndirməyə borclu edəcək.
HİT.az xəbər verir ki, bunu "Axios" yazır.
Nəşr qeyd edir ki, cümə axşamı ABŞ-ın ordu naziri Den Driskoll tərəfindən Volodimir Zelenskiyə təqdim olunan 28 bəndlik planda sadəcə "Ukrayna etibarlı təhlükəsizlik zəmanətləri alacaq" deyə qeyd olunub. Lakin bununla yanaşı, ABŞ ukraynalılara başqa bir müqavilə layihəsi təqdim edib.
Məqalədə deyilir: "Orada deyilir ki, Rusiyanın Ukraynaya qarşı hər hansı gələcək "əhəmiyyətli, qəsdən və davamlı silahlı hücumu" "transatlantik birliyin sülh və təhlükəsizliyinə təhdid kimi qiymətləndiriləcək".
Hücum halında, Birləşmiş Ştatların Prezidenti, Ukrayna, NATO və Avropa tərəfdaşları ilə dərhal aparılan məsləhətləşmələrdən sonra, təhlükəsizliyin bərpası üçün zəruri olan tədbirləri müəyyən edəcək:
"Bu tədbirlər silahlı qüvvənin tətbiqini, kəşfiyyat və logistik yardımı, iqtisadi və diplomatik hərəkətləri, həmçinin məqsədəuyğun olduğu müəyyən ediləcək digər addımları əhatə edə bilər. NATO və Ukraynanın iştirakı ilə birgə qiymətləndirmə mexanizmi hər hansı bir iddia olunan pozuntunu qiymətləndirəcək".
Təhlükəsizlik zəmanəti ilk 10 il ərzində qüvvədə olacaq və qarşılıqlı razılıqla uzadıla bilər. Avropa tərəfdaşlarının rəhbərliyi altında və ABŞ-nin iştirakı ilə birgə monitorinq komissiyası onun yerinə yetirilməsini nəzarət edəcək.
Eyni zamanda, sənəddə Ukrayna, ABŞ, AB, NATO və Rusiya üçün imza üçün xətlər var.
Ağ Ev rəsmisi bildirib ki, Rusiya layihə haqqında məlumatlandırılıb, lakin Vladimir Putinin imzasının nəticədə tələb olunub-olunmayacağı aydın deyil.
Həmçinin qeyd olunur ki, Trampın nümayəndəsi Stiv Uitkoff keçən həftə sonu Zelenksinin milli təhlükəsizlik məsələləri üzrə müavini Rüstəm Umerovla təklif olunan təhlükəsizlik zəmanətlərini müzakirə edib və cümə axşamı sənəd Zelenskiyə yazılı şəkildə təqdim olunub.
"Eyni zamanda, plan Trampın "Öncə Amerika" proqramı üzrə müttəfiqləri tərəfindən mənfi reaksiyaya səbəb ola bilər, çünki o, əslində yeni bir müharibə halında ABŞ hərbçilərini Ukraynanı müdafiə etməyə borclu edir", deyə Axios qeyd edir.
Samir


