24 noyabrda Bosniya və Herseqovina Serb Respublikasının keçmiş daxili işlər naziri Sinişa Karan növbədənkənar prezident seçkilərində qalib gəlib.
HİT.az xəbər verir ki, 40 il təhlükəsizlik qüvvələrində çalışmış 63 yaşlı məmur haqqında maraqlı məlumatları təqdim edir.
Sinişa Karan 17 may 1962-ci ildə Yuqoslaviyanın (indiki Xorvatiya) Beli Manastir yaxınlığındakı Qrabovaç kəndində anadan olub. Sarayevo Universitetini siyasi elmlər üzrə (1985) və Banja Luka Universitetini (2006) hüquq üzrə magistr dərəcəsi ilə bitirib.
O, 1985-ci ildən 2008-ci ilə qədər 20 ildən çox polisdə çalışıb. Kupresdə polis bölməsinin komandiri və Sarayevoda cinayət şöbəsinin rəisi olub. Bosniya müharibəsindən (1992–1995) sonra Serb Respublikası (RS) Daxili İşlər Nazirliyində Cinayətkarlıq İdarəsinə rəhbərlik edib və Bosniya və Herseqovina Dövlət Təhqiqat və Müdafiə Agentliyinin (SIPA) Cinayət Təhqiqatı və Maliyyə Kəşfiyyatı Departamentinin rəisi olub.
2008-ci ildən Serb Respublikası Prezidenti Rajko Kuzmanoviçin ofisində təhlükəsizlik müşaviri vəzifəsində çalışıb. 2009-cu ildən 2019-cu ilə qədər Serb Respublikası Prezidentinin Baş katibi, daha sonra isə Serb Respublikası Hökumətinin Baş katibi olub. 2018-ci ildə eyni zamanda Serb Respublikası Konstitusiya Qurumunun Müdafiəsi Şurasının sədri təyin edilib.
2022-ci ilin dekabr ayından Serb Respublikası Daxili İşlər Nazirliyinə rəhbərlik edir. 2 sentyabr 2025-ci ildə Savo Miniç hökumətində Elmi və Texnoloji İnkişaf və Ali Təhsil naziri təyin edilib. O, RS-də hakim Müstəqil Sosial Demokratlar Alyansının (SNSD) üzvüdür. 2025-ci ilin oktyabr ayında RS-nin keçmiş prezidenti və SNSD rəhbəri Milorad Dodik Karanı öz varisi elan edib.
O, Hüquq elmləri doktoru (2009), Apeiron Pan-Avropa Universitetinin və Banja Lukadakı Slobomir P. Universitetinin Hüquq fakültəsində Dövlət və Hüquq Nəzəriyyəsi kafedrasının professorudur. Serb Respblikasıhökumətinin veb saytına görə, Sinişa Karan konstitusiya hüququ üzrə bir neçə dərsliyin, eləcə də 50-dən çox akademik və peşəkar məqalənin müəllifidir. Milorad Dodiklə birlikdə o, ABŞ Maliyyə Nazirliyi tərəfindən qara siyahıya salınıb.
Qeyd edək ki, Bosniya və Herseqovina iki qurumdan - Bosniya və Herseqovina Federasiyası (Xorvat-müsəlman) və Serb Respublikasından ibarətdir. Onların arasında beynəlxalq idarəçilikdə olan Brcko rayonu yerləşir. Hökumət sistemində üç əsas xalq təmsil olunur: boşnaklar (islam slavyanları), xorvatlar (katoliklər) və serblər (pravoslavlar). Hər bir qurumun öz konstitusiyası və icra orqanı var.
Samir


