Litva Xarici İşlər naziri Kestutis Budris Avropanın Ukrayna ilə bağlı danışıqlarda iştirak edə bilməsi üçün Rusiya aktivlərinin dərhal müsadirə edilməsinə çağırıb.
HİT.az bu barədə "Bloomberg"ə istinadən xəbər verir.
Nazirin sözlərinə görə, indi bu qərarı vermək üçün ən yaxşı vaxtdır. "Əks halda, Avropa mühüm rol oynamaq fürsətini əldən verəcək", deyə o əlavə edib.
Budris bildirib ki, Avropa dövlətləri Rusiya-Ukrayna münaqişəsi ilə bağlı danışıqlar masasına gəlmək üçün təsir gücünə malik olmalıdırlar.
20 noyabrda Ukrayna millət vəkili Oleksiy Qonçarenko Donald Trampın sülh planının 28 bəndini dərc edib. "Financial Times" qəzetinin məlumatına görə, Ukrayna rəsmiləri sənədi tənqid edib və düzəlişlər edilmədən qəbuledilməz hesab edirlər, baxmayaraq ki, Vaşinqton Zelenskinin onu 27 noyabra qədər imzalamasını gözləyir. Plana Ukraynanın NATO-ya qoşulmaqdan imtinası, yeni sərhədlər, bufer zonası, Ukrayna Silahlı Qüvvələri üçün məhdudiyyətlər və dondurulmuş Rusiya aktivlərinin istifadəsi daxildir.
23 noyabrda ABŞ və Ukrayna nümayəndə heyətləri Cenevrədə ABŞ-ın təklif etdiyi sülh planı ilə bağlı danışıqlar aparıblar və nəticədə yenilənmiş çərçivə sənədi hazırlanıb. ABŞ dövlət katibi Marko Rubio görüşü məhsuldar və mənalı adlandırıb.
Samir


