3000 illik sirr pərdəsi aralandı: İtmiş şəhər tapıldı

DÜNYA
12:38 / 28.11.2025
12

Misirin Sukari dağlarında aparılan arxeoloji qazıntılar nəticəsində 3 min illik qızıl mədəni olduğu hesab edilən geniş ərazi üzə çıxarılıb. 

HİT.az xəbər verir ki, "Antik qızıl şəhərini canlandırma" adlı çoxillik layihə çərçivəsində aşkar edilən bu ərazi barədə məlumat Misir Turizm və Qədim Əsərlər Nazirliyi tərəfindən rəsmi açıqlama ilə təsdiqlənib.

Tapılan kompleks təkcə mədənlə məhdudlaşmır. Arxeoloqlar antik dövrdə sistemli şəkildə fəaliyyət göstərdiyi müəyyən edilən geniş qızıl emalı müəssisəsinə də rast gəlib. “Hər şeyin qızıldan olması” səbəbilə bu yerin dünyada nadir nümunələrdən biri olduğu bildirilir. Kompleksdə kuvars damarlarından qızıl çıxarmağa imkan verən tam təchizatlı sahələr, üyütmə və əzmə bölmələri, süzmə hovuzları və qızılı saflaşdırmaq üçün istifadə olunan gil sobalarının qalıqları aşkar olunub. “Yüksək Antik Əşyalar Şurası”nın baş katibi Məhəmməd İsmayıl Xalid bu nizam-intizamın qədim misirlilərin mədənçilik sahəsində çatdıqları inkişaf səviyyəsini açıq şəkildə göstərdiyini qeyd edib.

Genişmiqyaslı mədənçilik fəaliyyəti zamanla bölgədə iri yaşayış məskəninin yaranmasına səbəb olub. Ərazidə evlər, emalatxanalar, məbədlər, idarə məqsədli tikililər və Ptolemeylər dövründən qalmış hamamlar müəyyən edilib. Həmçinin Roma və İslam dövrlərinə aid memarlıq izlərinin tapılması bu bölgənin əsrlər boyunca müxtəlif icmalar tərəfindən istifadə olunduğunu göstərir.

Qazıntılar zamanı mədənçilərin sosial həyatına dair mühüm materiallar da aşkarlanıb. Üzərlərində heroqlif, demotik və yunan yazıları olan 628 keramika fraqmenti bölgədəki mədəni müxtəlifliyin nə qədər yüksək olduğunu nümayiş etdirir. Bundan başqa Ptolemeylər dövrünə aid bürünc sikkələr, Qreko-Roma dövrünün insan və heyvan fiqurlu gildən heykəlləri, “Bastet” və “Harpokrates” kimi tanrıların daş heykəlləri, şəxsi əşyalar üçün istifadə olunan qablar, yarı qiymətli daşlardan boncuklar, dəniz qabıqlarından hazırlanmış bəzək əşyaları və beş ədəd adaq masası da gün üzünə çıxarılıb.

Layihə çərçivəsində aktiv mədən sahəsindən təxminən 3 kilometr uzaqlıqda 6,3 dönümlük ərazidə antik mədən kompleksinin ölçülərinə tam uyğun bir nüsxəsi də tikilib. Yeni ziyarətçi mərkəzi həm bu mühüm arxeoloji tapıntını, həm də qədim Misirdə qızıl işçilərinin həyatını ətraflı şəkildə təqdim edən sərgilərə ev sahibliyi edir.

Samir

0