Çernobılda çevik və ağıllı yırtıcılar müşahidə edildi

DÜNYA
16:44 / 03.12.2025
14

Çernobıl radioloji-ekoloji biosfer qoruğunda su samurlarının maraqlı davranışları qeydə alınıb – bu heyvanlar müxtəlif səslərlə ünsiyyət qurur və hətta çınqıllarla jonglyorluq edə bilirlər.

Hit.az xəbər verir ki, bu barədə qoruğun mütəxəssisləri məlumat veriblər.

Tədqiqatçıların sözlərinə görə, bir neçə gün əvvəl elm adamları Pripyat sahilində su samurunun “ovçuluq rutinini” müşahidə ediblər: heyvan vaxtaşırı sahilə yaxın ərazidə suya baş vurub, səthə çıxıb nəyisə xırçıldadaraq yeyirmiş.

Qoruq əməkdaşları bildirirlər ki, su samuru Çernobıl ərazisinin adi, lakin gözə çox az görünən sakinidir. Bu nisbətən iri heyvandır – uzunsov və elastik bədən quruluşuna malikdir. Çəkisi 5–10 kiloqram, bədən uzunluğu isə 55–100 santimetrə çata bilər. Bu çevik və ağıllı yırtıcılar kiçik qruplar yarada bilir və bir-birilə müxtəlif səslər vasitəsilə fəal ünsiyyət qururlar.

Su samurlarının əsas qidası balıq, xərçəngkimilər, su böcəkləri və digər onurğasızlardır. Zərurət yarandıqda, onlar qurbağa, xırda gəmirici və ya su quşları ilə də qidalanır, bəzən isə quş yuvalarını dağıdırlar. Qışda su hövzələri donanda, balıq tutmaq üçün buzun altına daha çox dalır və əlavə qida axtarmaq üçün tez-tez quruda görünürlər. Alimlər izah edirlər ki, “su həyat tərzi”nə baxmayaraq, su samurları məmnuniyyətlə sahilə çıxır və burada özlərinə daha çox əyləncə imkanı yaradırlar – buz üstündə sürüşür, oynayır və hətta çınqıllarla jonqlyorluq edirlər.

Xatırladaq ki, Çernobıl radioloji-ekoloji biosfer qoruğunda meşələrin ən gizli sakinlərindən biri – adətən yalnız alaqaranlıqda və ya gecə hərəkət edən porsuq da müşahidə edilib. Porsuq yuvaları böyük ölçüləri ilə seçilir – onlar onlarla metr uzunluğunda tunellər, bir neçə səviyyə və hətta “yataq otaqları”na malik ola bilər. Bəzi porsuq yuvaları nəsildən-nəsilə ötürülərək onilliklər boyu mövcud olur. Kütləvi görünüşlərinə baxmayaraq, porsuq çox səliqəli heyvandır – hətta ayrıca “tualet quyuları” yaradır və yuva ətrafını səliqəyə salır.

Bundan əvvəl Çernobıl yaxınlığında kiçik və maraqlı bir quş – sıx kolluq ərazilərdə yaşamağa üstünlük verən uzunquyruq sinaənin qeydə alındığı barədə də məlumat verilmişdi.

Samir

0