Donald Trampın şübhəli “sülh” diplomatiyası fonunda getdikcə daha aydın görünür ki, “sülh sazişi” – necə olursa-olsun – Ukrayna üçün heç bir real təhlükəsizlik təminatı daşımayacaq. Deməli, gələcəkdə Rusiya əldə olunan razılaşmaları pozarsa, ukraynalılar yalnız özlərinə güvənə biləcəklər.
Hit.az xəbər verir ki, bunu “Foreign Policy” jurnalının köşə yazarlarından Ançal Voxra yazıb.
Onun fikrincə, gələcək sülh razılaşmasında Ukraynaya müəyyən formal təminatlar daxil edilə bilər, lakin onların etibarlılığı sual altındadır. Məsələn, artıq indi görünür ki, Tramp administrasiyası Kreml ilə biznes sazişləri bağlamağa can atır. Belə olan halda sual yaranır: amerikalılar ruslarla biznes quracaqsa, ABŞ-ın Ukraynanı yeni hücumdan qorumağa nə qədər həvəsi olacaq?
“ABŞ prezidenti Donald Tramp Qəzzadakı sülh modelinə bənzər yanaşmanı tətbiq etməyə çalışır – detalları sonra müəyyən ediləcək sürətli razılaşma… Trampın təklifi mümkün təhlükəsizlik təminatları üçün “kompensasiya” nəzərdə tutur, lakin Rusiya sazişi pozarsa ABŞ-ın necə hərbi müdaxilə edəcəyi barədə konkret cavab vermir”, deyə müəllif qeyd edir.
Avropa müharibədən sonra Ukraynada məhdud kontingent yerləşdirməyə hazır olduğunu bildirir. Lakin bu kontingentin real döyüşə hazır olması barədə ciddi şübhələr var.
“Avropalıların təsəvvürü belə yoxdur ki, bu qüvvələr yerləşdirilərsə və ruslar avropalı hərbçilərə hücum etsə, nə etməlidirlər”, deyə adının açıqlanmasını istəməyən bir Aİ rəsmisi bildirib.
Ançal Voxra yazır ki, ABŞ artıq hər hansı potensial ssenaridə qoşun yerləşdirməkdən qəti şəkildə imtina edib, avropalılar isə Ukrayna uğrunda ölməyə hazır deyillər. Belə şəraitdə Ukrayna üçün “ən yaxşı variant” gələcəkdə öz gücünə arxalanmaqdır.
Köşə yazarının fikrincə, Ukrayna Rusiya ordusunun “müqaviləli məhbuslar" hesabına formalaşan qüvvələrinə qarşı dura biləcək yaxşı hazırlanmış, motivasiyalı və yüksək maaşlı ordu yaratmağa məcbur olacaq. Müəllif son zamanlar geniş yayılan “polad kirpi” metaforasını xatırladır: Ukrayna yaşamaq üçün bu modelə çevrilməlidir.
“Ukraynalılar üçün yol – razılaşma olsun, ya olmasın – çətinliklərlə dolu olacaq. Hərbi cəhətdən zəif Ukrayna ekspansionist Rusiyanın asan hədəfinə çevriləcək. Sonsuz müharibə əzablarına, mənəvi yükə, iztiraba və tənha qalmağa baxmayaraq, ukraynalıların başqa seçimi yoxdur – onlar məşq etməli, silahlanmalı və daim hazır vəziyyətdə qalmalıdırlar”, deyə müəllif yekunlaşdırır.
Samir


