Quşlar partlayışlara necə reaksiya verir və təhlükəni əvvəlcədən hiss edirmi?

DÜNYA
21:37 / 11.12.2025
42

Kiyev zooparkının “Quşlar” şöbəsinin müdiri Vitali Lyaskivski UNIAN-a açıqlamasında bildirib ki, quşlar partlayış səslərinə müxtəlif şəkildə reaksiya verir və onların davranışı növdən-növə dəyişir. 

HİT.az xəbər verir ki, onun sözlərinə görə, ümumilikdə quşlarda eşitmə qabiliyyətinə nisbətən görmə daha yaxşı inkişaf edib.

Əgər ətraf sakitdirsə və qəfil yüksək səslə — yalnız partlayış deyil, hər hansı kəskin səs — eşidilirsə, bu, quşlarda panikaya səbəb ola bilər. Uzaqdan gələn və tədricən eşidilən partlayış səslərinə isə daha sakit yanaşır, dayanıb diqqətlə ətrafı müşahidə edirlər.

Lyaskivskinin sözlərinə görə, müxtəlif növlərin reaksiyası fərqlidir:

Kiçik və orta ölçülü quşlar — məsələn, sərçələr və göyərçinlər — təhlükə hiss etdikdə sürətlə ətrafa səpələnərək uçurlar. Eşitmə qabiliyyəti yaxşı inkişaf etmiş bayquşlar güclü partlayış zamanı ciddi narahatlıq keçirir.

Fazan kimilər təhlükəni hiss etdikdə əvvəlcə donub qalır, sonra isə qəfil sıçrayışla havaya qalxaraq uzağa uçurlar. Kəskin səslər bu quşlar üçün daha təhlükəlidir, çünki özlərinə xəsarət yetirə bilərlər.

Yırtıcı quşlar yüksək səslərə demək olar ki, reaksiya vermir; əsasən görmə ilə istiqamətlənirlər, səsi eşidəndə dayanıb müşahidə edir və sonra qərar verirlər.

Zoopark rəsmisinin sözlərinə görə, Kiyevdə baş verən partlayışlar quşların davranışında ciddi dəyişiklik yaratmayıb. Quşlar vaxtaşırı eşidilən yüksək səslərə adaptasiya olunurlar. Onlar üçün əsas təhlükə səsin özü deyil, partlayış dalğasıdır, çünki bədənləri kiçik olduğundan güclü dalğa ciddi travmalara səbəb ola bilər.

Lyaskivski qeyd edir ki, heyvanların təhlükəni əvvəlcədən “proqnozlaşdırdığı” fikri mifdir. Sadəcə onların eşitmə kimi hiss orqanları insanlardan daha həssasdır. Məsələn, insanlar raketin yaxınlaşmasını eşitməzdən 5–10 dəqiqə əvvəl bəzi heyvanlar onu hiss edə bilər, lakin bu, qabaqcadan xəbərdarlıq deyil — onlar sadəcə səsi daha tez eşidirlər.

Quşlarda isə eşitmə deyil, görmə yaxşı inkişaf edib. Ona görə Kiyevdə geniş yayılmış göyərçin və sərçə kimi quşlar təhlükəni əvvəlcədən duymur, sadəcə hadisəyə reaksiya verirlər: partlayış bir məkanda baş veribsə, başqa yerə uçurlar, bir müddət ətrafı müşahidə edib yenidən yem axtarmağa davam edirlər.

Samir
 

0