Dostluğu qeyri-mümkün görünən delfinlər və qatil balinalar ov zamanı birləşərək bir-birilərinə qarşılıqlı fayda verə bilirlər.
HİT.az xəbər verir ki, "The Washington Post"un yazdığına görə, bunu Kanadanın qərbində, Britaniya Kolumbiyası sahillərində çəkilmiş yeni görüntülər sübut edir.
Alimlər doqquz şimal rezident qatil balinanı (yəni yerli, daimi yaşayış arealında olan balinalar) müşahidə edərkən onların Sakit okean ağyanlı delfinlərinin yaxınlığında hərəkət trayektoriyasını dəyişdiyini qeydə alıblar. Qatil balinalar delfinləri izləyir, sanki onların ekolokasiya siqnallarını “dinləyərək” böyük çovıç balığını tapmağa çalışırdılar. Delfinlər isə öz növbəsində qatil balinaların ardınca üzür və onlarla birlikdə su səthinə qalxaraq balığın qalıqlarını yeyirdilər.
“Birlikdə işləyərkən qatil balinalar enerji qənaət edir və delfinləri kəşfiyyatçı kimi istifadə edirlər. Delfinlər isə yırtıcılardan qorunma və okeanın ən qiymətli balıqlarından birinin dadlı parçalarına çıxış əldə edirlər”, deyə Britaniya Kolumbiyası Universitetinin Dəniz Məməliləri Araşdırma Qrupunun direktoru Endryu Trayts izah edib.
"Scientific Reports" jurnalında dərc olunan məqalədə müəlliflər qeyd ediblər ki, bəzən delfinlər iri balığı səthə yaxın ağızlarında bir müddət saxlayırlar — yəqin ki, qatil balinalar onun parçalanmasına kömək etsinlər. Bu, delfinlər üçün faydalıdır, çünki onlar ovlarını bölə bilmirlər və balığı tam şəkildə udurlar.
Tədqiqatçılar vurğulayırlar ki, delfinlərlə qatil balinalar arasında nə rəqabət, nə də aqressiya əlaməti var idi. Əksinə, hər iki növün xeyrinə olan “qarşılıqlı dözümlülük” müşahidə olunurdu.
Hərçənd bu iki növ əvvəl də yanaşı görünmüşdü, belə kontaktların mahiyyəti aydın deyildi. Yeni görüntülər isə ov zamanı onların koordinasiyalı fəaliyyətini göstərən “ilk belə video” hesab olunur.
Müşahidələr həmçinin göstərib ki, delfinlər yaxın olduqda qatil balinalar daha dərinə dalır və daha uzun məsafələr qət edirdilər — bu da davranışın təsadüfi olmadığını göstərən aydın əlamətdir.
Heyvanların davranışı dronlar və sağlam balinalara müvəqqəti yapışdırılmış xüsusi sorucu trekerlər vasitəsilə izlənilib. Bu cihazlar GPS məlumatları, video və audio ötürürdü — o cümlədən qatil balinaların ov zamanı çıxardıqları səciyyəvi səsləri (məsələn, çovıç balığının sümüklərinin xırtıltısı).
Sahə müşahidələri 15 gün davam edib. Qatil balinalar sakit davranıb, delfinləri qovmayıblar və nə quyruq zərbələri, nə dişləmə, nə də başqa aqressiv jestlər göstərməyiblər. Əksinə — onlar delfinlərə uyğunlaşır, hətta onların hərəkətlərini təkrarlayırdılar.
Samir


