Daha az turist və daha aşağı qiymətlər sayəsində bu balaca dağ kəndi İsveçrəyə əla alternativ ola bilər.
HİT.az xəbər verir ki, bunu "Daily Express" qəzeti yazır.
Albaniyanın şimalında, Şkoder regionunda yerləşən Tethi, Avropanın ən gizli sirlərindən biridir.
Qeyd olunur ki, bu rəngarəng kənd Alban Alplarının, təbii mənzərələrin və meşələrin heyrətamiz mənzərələrini təklif edir. Tethi Milli Parkının bir hissəsi olaraq, kənd yaşıllıq, meşələr və toxunulmamış landşaftlarla əhatələnib. Əhalisi 300 nəfərdən bir qədər çox olan bu kənd, daha məşhur Avropa turizm mərkəzlərinin təlaşı, izdihamı və qarışıqlığından əsl bir dincəlmə fürsəti yaradır.
"Əgər sakitlik, macəra və mənzərəli görüntülər arzulayırsınızsa, Albaniyadakı Tethi mütləq ziyarət edilməli yerdir. Turistlərə əsrlərdir bu ərazidə yaşayan, heyrətamiz təbiət içində öz həyat tərzlərini qoruyan yerli sakinlər tərəfindən isti qarşılanır", deyə məqalədə qeyd edilir.
Alban mədəniyyətinə dərinləşmək istəyən ziyarətçilər Tethidə, milli parkın yaxınlığındakı qonaq evlərində və bərpa edilmiş evlərdə qala bilərlər.
Vacibdir ki, kənd hələ də kifayət qədər uzaq və qış aylarında əlçatmazdır. Şəhər həyatının tələsikliyindən uzaqlaşmaq və təbiətdən həzz almaq istəyən səyyahlar üçün idealdır.
Park 26 kvadrat kilometrdən çox ərazini əhatə edir və Tethi çayına, qayalıq dağlara, büllur təmiz bulaqlara, yaşıl panaromalara və dəniz səviyyəsindən 900 metr yüksəklikdə yerləşən bir vadiyə "ev sahibliyi" edir.
Qeyd olunur ki, Tethi kəndinin əsas görməli yerlərindən biri, Alban Alplarının qəlbində yerləşən, Boş dağının zirvəsinin qərb yamacının ətəyindən başlayan Qrunas şəlaləsinə piyada marşrutudur. 25 metrlik şəlalə ziyarətçilərə Alban dağlarının möhtəşəm mənzərələrindən həzz almağa və həmçinin Tethinin Göy Gözünə çatmağa imkan verir.
17 kilometr uzunluğundakı "Tethinin Göy Gözü" piyada marşrutu Nderlis kəndi ilə birləşir. Tethi kəndinin mərkəzindən cəmi 7 kilometr məsafədə sizi heyranedici mənzərə gözləyir: əhəng daşı qayaların arasında firuzəyi və zümrüd rəngli sular. Məqalədə məsləhət verilir:
"Təbiətdə daha sakit bir dincəlmə axtaranlar üçün təbii hovuzların və dağların mənzərəsinə açılan Nderlis kəndində nahar etmək təklif olunur".
Maraqlıdır ki, öz təcrid olunmuş yerləşməsi səbəbilə Tethidə bankomat yoxdur, bir çox kafe və supermarketlər yalnız nağd pul qəbul edir, ona görə də ziyarətçilər mümkün qədər çox pul götürməlidirlər, çünki kafe və supermarketlərdə qiymətlər yüksək ola bilər.
Samir


