Braziliyada alimlər o qədər kiçik ölçüyə malik yeni narıncı qurbağa növü aşkar ediblər ki, o, tamamilə qələmin ucuna sığır.
HİT.az xəbər verir ki, “The Independent” nəşrinin yazdığına görə, uzunluğu 14 millimetrdən artıq olmayan yeni növ ölkənin cənubunda, Atlantik meşəsi zonasına daxil olan Serra-du-Kiriri dağ massivindəki dumanlı meşələrin dərinliklərində tapılıb. Bu cür “bulud meşələri” adətən dəniz səviyyəsindən 1 000–2 500 metr yüksəklikdə yerləşir və ilboyu ağac tacları səviyyəsində sıx bulud qatı ilə örtülü olur.
Məlumata görə, yeni növ Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın şərəfinə “Brachycephalus lulai” adlandırılıb.
Tədqiqat çərçivəsində alimlər parlaq narıncı bədənə və xarakterik yaşıl və qəhvəyi xallara malik miniatür qurbağaları təsvir ediblər. Erkəklərin uzunluğu 9–11 millimetr, dişilərin uzunluğu isə 11–14 millimetr arasında dəyişir. Tədqiqatçıların sözlərinə görə, bu amfibiyalar planetdəki ən kiçik dördayaqlı heyvanların ilk dördlüyünə daxildir və həqiqətən də karandaşın ucuna tam yerləşə bilir.
Yeni növü müəyyənləşdirmək unikal cütləşmə çağırışı sayəsində mümkün olub. Bu səs siqnalı iki qısa impulsdan ibarətdir və regionda yayılmış “Brachycephalus” cinsinə aid digər məlum növlərin səslərindən fərqlənir.
Bundan əlavə, alimlər skeletin KT-rentgen müayinəsini və DNT analizini aparıblar. Genetik nümunələrin müqayisəsi göstərib ki, yeni qurbağanın ən yaxın “qohumları” Serra-du-Kiriri bölgəsində yaşayan daha iki növdür.
Kəşfdən dərhal sonra tədqiqatçılar yeni növün və onunla əlaqəli endemik amfibiyaların qorunması üçün aktiv tədbirlərə çağırıblar.
“Yeni növə ad verilməsi ilə biz ümumilikdə Atlantik meşəsinin, xüsusilə isə Braziliyanın miniatür endemik qurbağalarının qorunmasına yönəlmiş təbiəti mühafizə təşəbbüslərinin genişləndirilməsini təşviq etmək istəyirik”, deyə müəlliflər “PLOS One” jurnalında dərc olunan məqalədə qeyd ediblər.
Alimlər həmçinin Refúgio de Vida Silvestre (RVS) Serra do Quiriri adlı təbiət qoruğunun yaradılmasını təklif ediblər. Bu, dövlət tərəfindən özəl torpaqların alınmasına ehtiyac olmadan sözügedən və digər endemik növlərin qorunmasına imkan verə bilər.
Tədqiqatçılar populyasiyaların daimi monitorinqinin vacibliyini vurğulayaraq bildiriblər ki, bu, yaşayış mühitinə yönələn yeni və ya potensial təhlükələrin vaxtında aşkarlanmasına kömək edər. Alimlərin hesablamalarına görə, Yer üzündə artıq təxminən iki milyon heyvan növü təsvir edilib, lakin ən azı altı milyon növ hələ də elmə məlum deyil.
Samir


