Bəzi qanadlı dinozavrlar uçmaq qabiliyyətini itirib: Alimlər səbəbi müəyyənləşdirdi

DÜNYA
20:38 / 16.12.2025
43

160 milyon il yaşı olan nadir səmək daşlarının yeni tədqiqatı dinozavrlar və quşlarda uçuşun təkamülü ilə bağlı yeni baxış ortaya qoyub. 

HİT.az xəbər verir ki, bu barədə “The Times of Israel” yazır.

Təl-Əviv Universitetinin Zoologiya Məktəbi və Ştaynhardt adına Təbiət Tarixi Muzeyinin tədqiqatçısı Yosif Kiat lələk tökülməsinin fosilləşmiş izlərini araşdıraraq dinozavrların təkamülü və quşların uçuşu ilə bağlı yeni bir perspektiv ortaya çıxarıb. Ştaynhardt bəzi qanadlı dinozavrların uçmaq qabiliyyətini itirdiyinə dair əlamətlər aşkar edib.

“Communications Biology” jurnalında dərc olunan və Çinlə ABŞ-dan olan alimlərlə birgə aparılan tədqiqat çərçivəsində Çinin şərqindən tapılmış doqquz səmək daşı öyrənilib. Onların hamısı iki ayaq üzərində hərəkət edən və dörd lələkli qanada malik, quşa bənzər kiçik dinozavr “Anchiornis huxleyi”yə aid olub. Lələklər daşlaşma zamanı mövcud olan əlverişli mühit şəraiti sayəsində qorunub saxlanılıb. Məhz bu doqquz nümunə ona görə seçilib ki, qanad lələkləri rəngini itirməyib və ağ fon üzərində uc hissəsində qara ləkə qalıb.

Lələklərin yerləşməsi Kiat və onun komandasına lələk tökülməsinin izlərini təhlil etməyə imkan verib. Alimin sözlərinə görə, uça bilən quşlarda lələk tökülməsi mərhələli və nizamlı şəkildə baş verir, bu da qanadların simmetriyasını qoruyaraq uçuşu mümkün edir. Uça bilməyən quşlarda isə bu proses daha nizamsız və xaotik olur.

Maraqlıdır ki, fosillərdə qorunmuş lələk rənglənməsi tədqiqatçılara qanadların quruluşunu müəyyən etməyə kömək edib: qanad kənarı boyunca fasiləsiz qara ləkələr xətti müşahidə olunub. Eyni zamanda, böyüməsi hələ tamamlanmamış yeni lələklər də seçilib, çünki onların qara ləkələri bu xəttdən kənara çıxıb.

Doqquz fosildə yeni lələklərin detallı araşdırılması lələk tökülməsinin nizamlı şəkildə baş vermədiyini göstərib. Yosif Kiat bildirib ki, bu nadir və xüsusilə maraqlı kəşfdir:

“Qorunmuş lələk rənglənməsi bizə bu qədim canlıların funksional xüsusiyyətlərini müəyyənləşdirmək üçün unikal imkan verdi. Bu kəşf geniş əhəmiyyət daşıyır, çünki dinozavrlar və quşlarda uçuşun təkamülünün əvvəl düşünüldüyündən xeyli daha mürəkkəb olduğunu göstərir. Bəzi növlər ilkin uçuş qabiliyyəti qazana, lakin təkamülün daha son mərhələlərində bunu itirə bilərdilər”.

Alimin sözlərinə görə, dinozavrlar xətti digər sürünənlərdən təxminən 240 milyon il əvvəl ayrılıb. Qısa müddət sonra (təkamül miqyasında) bir çox dinozavrda əsasən uçuş və bədən temperaturunun qorunması üçün lələk əmələ gəlib.

Xüsusilə qeyd olunur ki, təxminən 175 milyon il əvvəl pennaraptorlar adlanan lələkli dinozavrlar qrupu formalaşıb. Bu qrup müasir quşların uzaq əcdadları sayılır və 66 milyon il əvvəl mezazoy erasının sonunu qoyan kütləvi məhvdən sağ çıxan yeganə dinozavr xətti olub.

“Bildiyimizə görə, Pennaraptora qrupu uçuş üçün lələk inkişaf etdirib. Lakin ətraf mühit şəraitinin dəyişməsi zamanı bu dinozavrların bəziləri müasir dəvəquşuları və pinqinlər kimi uçmaq qabiliyyətini itirmiş ola bilər. Lələk tökülməsi kiçik texniki detal kimi görünür, amma fosillərin öyrənilməsində bu, uçuşun mənşəyi ilə bağlı təsəvvürlərimizi tamamilə dəyişə bilər. Anchiornis artıq lələkli, lakin uça bilməyən dinozavrlar siyahısına daxil edilib və bu da qanadların təkamülünün nə qədər mürəkkəb və müxtəlif olduğunu göstərir”, deyə Kiat izah edib.

Samir


 

0