Norveç möhtəşəm təbiəti, rahat şəhərləri və yüksək həyat səviyyəsi ilə turistləri cəlb edir. Lakin yerli soyuq hava şəraiti də qonaqları bir qədər ehtiyatlandırır və insanları Norveçə nə vaxt getməyin daha məqsədəuyğun olduğu barədə ciddi düşünməyə vadar edir.
Hit.az xəbər verir ki, Avstraliyadan olan təcrübəli səyyah Entoni Hem son 20 ildə bütün dünyanı gəzib və bu mövzuda çoxsaylı kitablar müəllifi kimi, “Lonely Planet” platformasındakı bloqunda Norveçə səfər üçün ən yaxşı vaxtı açıqlayıb.
“Norveç heyranedici mənzərələri ilə tanınır və planetin ən gözəl ölkələrindən biri olduğu üçün buranı ziyarət etmək üçün pis mövsüm yoxdur. Bununla belə, müəyyən fəsillər əsas görməli yerlərə və təklif olunan fəaliyyətlərə təsir edir. Nə etmək istədiyinizi, hara getmək istədiyinizi düzgün müəyyənləşdirmək və mövsümi fərqləri anlamaq səfərin planlaşdırılmasında əsas amillər olacaq”, deyə ekspert qeyd edib.
Yay – isti və sərfəli, qış – sehrli, yaz və payız isə izdihamsız
Onun sözlərinə görə, yay Norveçə səfər üçün ən populyar vaxtdır. Bu dövrdə hava şəraiti daha əlverişli olur, gündüz saatları uzanır, qiymətlər adətən daha aşağı olur və demək olar ki, hər yer açıq fəaliyyət göstərir.
Qış mövsümü isə şimal işıqlarını görmək istəyənlər üçün sehrli və eyni zamanda populyar vaxt hesab olunur.
Turist sıxlığından uzaq, sakit yollarla Norveçi kəşf etmək istəyənlər üçün isə yaz və payız fəsilləri ideal seçim ola bilər.
Samir


