ABŞ Vladimir Putinin Ukrayna ilə sülh müqaviləsini rədd edəcəyi təqdirdə təzyiqi artırmaq üçün Rusiyanın enerji sektoruna qarşı yeni sanksiyalar paketi hazırlayır.
HİT.az xəbər verir ki, "Bloomberg"in mənbələrə istinadən yazdığına görə, ABŞ, Rusiya neftini daşıyan kölgə donanmasından olan tankerlərə, eləcə də bu əməliyyatları asanlaşdıran treyderlərə qarşı sanksiyaları nəzərdən keçirir, mənbələr anonimlik şərti ilə bildiriblər.
Bəzi mənbələr bildirib ki, yeni tədbirlər bu həftənin əvvəlində elan edilə bilər. Onların sözlərinə görə, ABŞ Maliyyə Naziri Skott Bessant artıq bu planları bir qrup Avropa səfiri ilə müzakirə edib.
Lakin mənbələr xəbərdarlıq ediblər ki, son qərar ABŞ Prezidenti Donald Trampın ixtiyarındadır.
Nəşr qeyd edib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar hələ də Putinin hesablamalarını dəyişdirməyib. Lakin Moskvanın neft nəhənglərinə və ticarətinə yönəlmiş tədbirlər neft qiymətlərinin ən aşağı səviyyələrə düşməsinə səbəb olub ki, bu da Rusiya iqtisadiyyatındakı vəziyyəti xeyli çətinləşdirib.
Jurnalistlər xatırladıblar ki, ABŞ artıq 4 aparıcı Rusiya istehsalçısına və digər G7 ölkələri ilə birlikdə Rusiya neftinin daşınmasında iştirak edən yüzlərlə tankerə qarşı sanksiyalar tətbiq edib.
Qeyd olunur ki, sanksiyaların müzakirəsi sülh müqaviləsi üzrə danışıqlar fonunda aparılır. Amerika, Ukrayna və Avropa rəsmiləri ümumilikdə əhəmiyyətli irəliləyişi alqışlasalar da, bəzi mənbələr Donbasın gələcək statusu, dondurulmuş Rusiya aktivlərinin istifadəsi və Zaporojye atom elektrik stansiyasının idarə olunması ilə bağlı mübahisəli məsələlərin hələ də qaldığını bildirirlər.
Bəzi mənbələrə görə, Amerika rəsmiləri dondurulmuş Rusiya aktivlərini gələcək sülh müqaviləsinin bir hissəsi kimi nəzərdən keçirirlər, eynilə Avropa liderləri bu həftə Ukraynaya hərbi və iqtisadi yardım göstərmək üçün onlardan istifadə edib-etməmək barədə qərar verməli olduqları kimi.
Samir

