ABŞ prezidenti Donald Tramp onlara idxal rüsumlarını artırdıqdan sonra Çin mallarının Avropaya axını artıb.
HİT.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti yazıb.
Qəzet qeyd edir ki, buna qismən may ayında ABŞ-da tətbiq edilən kiçik bağlamalara minimum 100 dollarlıq rüsum təsir edib. Əvvəllər Çindən 800 dollara qədər dəyəri olan göndərişlər rüsumsuz idi. Bu, onlayn alış-verişə əhəmiyyətli dərəcədə təsir göstərib: Çindən ABŞ-a bu cür bağlamaların axını may ayından bəri 40% azalıb.
WSJ-nin qeyd etdiyi kimi, Çin o vaxtdan bəri mallarını digər bazarlara, o cümlədən 150 avroya qədər dəyəri olan bağlamaların hələ də rüsumsuz olduğu Aİ və Böyük Britaniyaya (135 funt sterlinqə qədər) yönləndirib. Nəticədə, Macarıstan və Danimarkaya Çin mallarının göndərilməsi təxminən dörd dəfə, Almaniya, Fransa və Böyük Britaniyaya göndərişlər isə 50%-dən çox artıb. Çin onlayn pərakəndə satış şirkəti "Temu"nun Aİ-də satışları may ayından bəri 56%, Böyük Britaniyada isə 46% artıb.
Bir çox Avropa istehsalçısı və pərakəndə satıcısı "Temu", "Shein" və "Alibaba" kimi platformalarda satılan ucuz Çin mallarının axınının onların biznesinə xələl gətirəcəyindən qorxur.
"Biz bir cüt alt paltarını 15 avroya satırıq, "Shein" və digər Çin platformaları isə beş cütü eyni qiymətə satır. Bu, müştərilərin qiymətin bu qədər aşağı ola biləcəyini düşünməsinə səbəb olur", deyə "Wall Street Journal" qəzeti Fransanın alt paltarı brendi "Le Slip"in qurucusu Guillaume Qibauddan sitat gətirir.
Bununla belə, Aİ 2026-cı ilin iyul ayından etibarən minimum 3 avro bağlama rüsumu tətbiq etməyi, 2028-ci ildə isə daha da artırmağı planlaşdırır. Böyük Britaniya həmçinin 2029-cu ildə kiçik bağlamalara rüsum tətbiq etməyi planlaşdırır.
"New York Times" qəzeti əvvəllər ucuz Çin mallarının inkişaf etməkdə olan ölkələrə axınının onların iqtisadiyyatına xələl gətirə və ciddi sosial nəticələrə səbəb ola biləcəyini bildirmişdi.
Samir


