Yaxın müşaviri Putini Ukraynaya hücum etməkdən çəkindirməyə çalışıb - NYT

DÜNYA
21:18 / 18.12.2025
42

Rusiya prezidenti Vladimir Putinin ətrafında Ukraynaya qarşı genişmiqyaslı işğala qarşı çıxan şəxsləri tapmaq o qədər də asan deyil. Bununla belə, onların arasında Kremlin rəhbərinin köməkçisi olan və müharibənin ikinci günündə Putinin əmrini yerinə yetirməkdən imtina edən şəxs də olub. Söhbət Rusiya Prezident Administrasiyasının keçmiş rəhbər müavini Dmitri Kozakdan gedir.

HİT.az xəbər verir ki, "The New York Times" qəzetinin Kozaka yaxın üç mənbəyə istinadən məlumatına görə, Putin 2022-ci ildə ona Ukraynanın kapitulyasiyasını təmin etməyi tapşırıb. Lakin siyasətçi bundan imtina edərək, Kremlin rəhbərinin bu müdaxilə ilə nəyə nail olmaq istədiyini anlamadığını bildirib. Mənbələrin sözlərinə görə, söhbət gərginləşəndə Kozak Putinə açıq şəkildə deyib ki, imtinasına görə həbs olunmağa və ya güllələnməyə hazırdır.

Daha sonra məlum olub ki, Putin Kozakla danışarkən səsucaldanı qoşub və bu da rusiyalı yüksəkvəzifəli məmurları nadir bir itaətsizlik hadisəsinin şahidinə çevirib. Nəşr əlavə edir ki, 2025-ci ilin sentyabrında Putin Kozakı Rusiya Prezident Administrasiyası rəhbərinin müavini vəzifəsindən azad edib.

Nəşrin mənbələri bildiriblər ki, Kozak Ukrayna ilə bağlı danışıqlarda Kremlin əsas “üzü” olub. O, münaqişənin diplomatik yolla həllinin tərəfdarı idi və 21 fevral 2022-ci ildə Rusiya Təhlükəsizlik Şurasının iclasında DXR və LXR-in müstəqilliyinin tanınmasına və sonrakı eskalasiyaya skeptik yanaşdığını ifadə etmişdi.

Mənbələr qeyd ediblər ki, Putinin əmrindən imtina etdikdən sonra Kozak dərhal rus diktatorunun etibarlı adamından Rusiya elitasında antiharibə əhval-ruhiyyəsinin mərkəzinə çevrilib.

“Dmitri Nikolayeviç getdi, amma əhval-ruhiyyə əvvəlki kimi qaldı. O, istiqamətverici fiqur kimi vacibdir”, deyə keçmiş və indiki Kremlin məmurları ilə tanış olan tanınmış rusiyalı jurnalist Aleksey A. Venediktov bildirib.

Samir
 

0