Çin nadir torpaq metalları ilə bağlı nəzarəti yumşaldır - Səbəb nədir?

DÜNYA
18:59 / 18.12.2025
44

Noyabr ayında Çin oktyabr ayı ilə müqayisədə nadir torpaq metalları və onların emalı məhsullarının ixracını 13% artırıb. Ümumi həcm maqnitlər də daxil olmaqla 6 958 ton nadir torpaq elementi təşkil edib.

HİT.az xəbər verir ki, bu göstərici rəsmi gömrük məlumatları əsasında "Bloomberg"in hesablamalarına görə, müşahidələr tarixində üçüncü ən yüksək aylıq nəticədir.

Rəqəmlər onu təsdiqləyir ki, Çin oktyabrın 30-da Cənubi Koreyada ABŞ-la birillik ticarət sazişi bağladıqdan sonra tədarük həcmini artırıb. Bundan əvvəl Pekin Vaşinqtonla daha geniş ticarət qarşıdurması çərçivəsində ilk dəfə aprel ayında tətbiq edilən nadir torpaq elementlərinin ixracına nəzarəti sərtləşdirməyi planlaşdırırdı. İlkin məhdudiyyətlər bu ilin əvvəlində ixracın kəskin azalmasına səbəb olmuşdu.

ABŞ prezidenti Donald Trampın gələcəkdə barışıq addımları atılacağını elan etməsindən sonra ixrac iyul ayında tədricən bərpa olunub. Avqustda 7 336 tonluq tədarük rekord göstərici olub, noyabr ayı da nəzərə alınmaqla ilin əvvəlindən ixracdakı ümumi azalma cəmi 2%-ə enib.

Çin Ticarət Nazirliyinin sözçüsü He Yadun 18 dekabrda Aİ-yə ixracla bağlı suala cavab olaraq bildirib ki, Pekin Çin şirkətlərinin nadir torpaq metalları ixracı ilə bağlı bəzi müraciətlərini təsdiqləyib.

Bundan əvvəl Avropa Komissiyasının ticarət məsələləri üzrə rəhbəri Maroş Şefçoviç də oxşar açıqlama verərək, Çinin son vaxtlar Avropa şirkətlərinin nadir torpaq metalları məhsullarını əldə etməsinə imkan yaratmaq üçün daha uzunmüddətli lisenziyalar verməyə başladığını söyləmişdi.

Nadir torpaq metalları elektromobillərdə, silah istehsalında və yüksək texnologiyalı sənayedə kritik əhəmiyyətə malik elementlərdir.

Samir
 

0