Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna gələn il üçün dövlət büdcəsi kəsirinin ödənilməsi məsələsinə hazırda Brüsseldə keçirilən Avropa İttifaqı sammitində cavab almalıdır.
HİT.az xəbər verir ki, dövlət başçısı bu barədə sammit zamanı avropalı tərəfdaşlar qarşısında çıxışından sonra jurnalistlərə danışıb:
"Ukraynanın gələn il üçün maliyyə imkanları ilə bağlı sualın bu günlərdə cavabsız qalmasına imkan verə bilmərik, çünki bu, həqiqətən də təhlükədir. 45-50 milyard mütləq kəsir olacaq, daha çox da ola bilər. Prinsip etibarilə, bu, Ukraynanın özünü müdafiə etmək qabiliyyəti ilə bağlıdır. Bunlar çox yüksək risklərdir".
Zelenski Aİ-nin Ukraynanın xərclərini hansı formada maliyyələşdirə biləcəyini – Rosactivi üçün təzminat krediti, yoxsa başqa bir vəsait mənbəyi olacağını dəqiqləşdirməyib:
"Ukraynaya dəstəyin hansı formatda olacağını demək istəməzdim. Əksər liderlər təzminat kreditini dəstəkləyir, digər alətləri dəstəkləyən liderlər var. Bu gün və ya ertəsi gün necə bitəcəyini sizə deyə bilmərəm".
Zelenski qeyd edib ki, o, sammitdə çıxış edib və tərəfdaşlar onun mövqeyini eşitməli idilər: "Mən ünsiyyət qurmaq, Ukrayna tərəfindən vacib mesajları çatdırmaq imkanına malik idim".
Lakin prezident vurğulayıb ki, amerikalı tərəfdaşlarla müzakirə ayrıca davam edir. Zelenski həmçinin bir daha xatırladıb ki, hazırda Ukrayna tərəfinin bütün istəklərinə baxmayaraq, Rusiya ilə heç bir razılaşma əldə edilə bilməz:
"Gələn il hadisələrin necə inkişaf edəcəyini bilmirik, müharibəni bitirmək üçün hər şeyi edirik. Bütün səylərimiz bu müharibəyə diplomatik yolla son qoymağa yönəlib. Lakin Rusiya tərəfindən fərqli səslər eşidirik, onlar sülhdən daha çox müharibə ilə bağlıdır".
Samir


