Allergiyası olan şəxslər Dubay üslubunda hazırlanan şokoladdan uzaq durmalıdırlar. Bu barədə Böyük Britaniyanın qida təhlükəsizliyinə nəzarət edən qurumu ölkədə satılan bir sıra məhsulların keyfiyyət standartlarına cavab vermədiyi aşkarlandıqdan sonra xəbərdarlıq edib.
Hit.az xəbər verir ki, bu barədə “The Independent” yazır.
Məlumata görə, bu populyar şokolad batonları əsasən fıstıq (püstə), tahin və xırdalanmış filo xəmiri ilə doldurulur və son bir il ərzində geniş yayılıb.
Lakin Qida Standartları Agentliyi (FSA) Böyük Britaniyada satışda olan bu cür məhsullardan “bir neçəsinin” vacib təhlükəsizlik və etiketləmə tələblərinə cavab vermədiyini müəyyən edib.
“Biz bəzi məhsulların tərkibində etiketdə göstərilməyən yerfındığı və küncüt olduğunu aşkar etdik”, deyə FSA-nın siyasət üzrə direktoru Rebekka Sadsvort bildirib.
Qurum vurğulayıb ki, bu batonların alınması allergiyadan əziyyət çəkən istehlakçılar üçün “təhlükəli” ola bilər.
“The Independent” nəşrində bildirilib ki, hazırda nəzarət orqanı satışda olan məhsullardan götürülmüş nümunələrlə bağlı məlumatları yoxlayır ki, onların qida təhlükəsizliyi standartlarına uyğunluğunu təsdiqləsin.
Sadsvort allergiyası olan istehlakçılara yoxlamaların nəticələri açıqlanana qədər dubay şokoladını istehlak etməməyi tövsiyə edib.
“Allergiyadan əziyyət çəkən insanlar dubay şokoladını yeməməlidirlər. Əgər allergiyası olan bir şəxs üçün hədiyyə alırsınızsa, bu məhsulları almaqdan çəkinməyi məsləhət görürük. Bu, yalnız yerfındığı və küncüt allergiyasına deyil, bütün allergiya növlərinə aiddir. Allergiyası olmayan insanlar isə xüsusilə tanınmış brendlər və pərakəndə satıcılar tərəfindən təqdim edilən məhsulları istehlak edə bilərlər”, deyə o əlavə edib.
Eyni zamanda, Chartered Trading Standards Institute (CTSI) qurumunun siyasət və kampaniyalar şöbəsinin rəhbəri Cessika Merrifild qeyd edib:
“Bu sahədə qanunvericilik tələbləri aydındır: tərkibində allergen olan bütün qida məhsulları açıq şəkildə göstərilməli və müvafiq şəkildə etiketlənməlidir ki, istehlakçılar məlumatlı və təhlükəsiz seçim edə bilsinlər. Bu tələblərə əməl edilməməsi qanunsuz olmaqla yanaşı, qida allergiyası olan insanlar üçün son dərəcə təhlükəlidir. Biz pərakəndə satıcılar və idxalçılar daxil olmaqla bütün qida sənayesi müəssisələrini bu tələblərə dərhal əməl etməyə çağırırıq”.
Samir


