Hazırda davam edən sülh axtarışları üzrə danışıqlar diplomatik oyundur.
Hit.az xəbər verir ki, bu oyunun məqsədini Ukrayna Katolik Universitetinin professoru, tarixçi Yaroslav Qritsak “Telegraf”a verdiyi müsahibədə izah edib.
“İlin əvvəlində olan şərtlərlə ilin sonunda olan şərtlər eyni deyil. Sözlə desək, tərəflər müəyyən güzəştlərə razılıq verirlər. Bu, əlbəttə ki, atəşkəsin olacağı anlamına gəlmir, çünki iki tərəf arasındakı məsafə həddən artıq böyükdür. Diplomatların dedikləri, belə desək, "dəhliz strategiyası"dır. Guya Tramp Ukrayna və Rusiyanı dar bir dəhlizə salmaq istəyir ki, onlar orada bir-biri ilə üz-üzə gəlsinlər”, deyə o bildirib.
Lakin Qritsak vurğulayıb ki, bunun baş verməsi üçün Tramp Rusiyaya qarşı daha tələbkar olmalıdır. Hazırda isə bu müşahidə olunmur. Onun sözlərinə görə, Tramp administrasiyası Rusiyanı Çindən uzaqlaşdırmaq istəyir. Məhz buna görə də Trampın Rusiyaya münasibəti Ukraynaya nisbətən xeyli yumşaqdır. Bundan başqa, yalnız gücə hörmət edən Tramp hesab edir ki, Rusiyanın gücü var, Ukraynanın isə yoxdur.
“Putin olduğu müddətdə sülh mümkün deyil. Mən tez-tez Koreya müharibəsi ilə analogiya aparıram: danışıqlar 1949-cu ildə başladı, amma yalnız Stalinin ölümündən sonra bitdi. Yəni danışıqların başa çatmasının şərti elə Stalinin özünün ölümü idi”, deyə o xatırladıb.
Qritsak həmçinin Çinin addımlarını təhlil edib və onun fikrincə, Pekin Qərbi zəiflədən müharibənin davamında maraqlıdır. Tramp isə buna mane olmur, əksinə kömək edir.
“Trampın hesablamaları sadəlövhdür. Rusiyanın isə öz maraqları var və onlar Çinin maraqlarından da kəskindir: Qərbi maksimum dərəcədə zəiflətmək”, deyə tarixçi bildirib.
Onun sözlərinə görə, Qərbin zəifləməsinin şərtləri Ukraynanın məğlubiyyəti və NATO-nun parçalanması ola bilər. ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasına əsasən, ikinci məqsə Rusiya demək olar ki, artıq nail olub.
“Amma Putinin büdrədiyi yer Ukraynadır. Məhz Ukrayna nə Putinin, nə Çin, nə də Amerika planlarının reallaşmasına imkan vermir”, deyə Qritsak vurğulayıb.
O izah edib ki, Putin bir neçə səbəbə görə Trampın müharibədən çıxış üçün Rusiyaya sərfəli şərtlərini qəbul etmir. Birincisi, o, rasional siyasətçi deyil:
“Xüsusilə Ukraynaya münasibətdə onun mövqeyi irrasionaldır. Bunu bir sözlə təsvir etmək olar – vəsvəsə. O, müstəqil Ukrayna dövlətinin, millətinin mövcudluğuna dözə bilmir. O istəyir ki, ya Ukrayna mövcud olmasın, ya da elə dərəcədə zəifləsin ki, heç kimə, hətta ukraynalıların özlərinə belə lazım olmasın”.
Putinin Trampın şərtlərini qəbul etməməsinin ikinci səbəbi ondan ibarətdir ki, o, hakimiyyətdə olduğu müddətdə müharibə aparacaq. Qritsak vurğulayıb ki, Putinlə sülh mümkün deyil: “Putinlə atəşkəs yalnız o halda mümkündür ki, o, öz mövqeyinin zəiflədiyini hiss etsin. O, indi özünü zəif hiss edirmi? Çətin. O düşünür ki, zəif olan özü deyil, Qərbdir və onu sona qədər sıxışdıracaq”.
Müsahibənin müəllifləri xatırladıblar ki, Qritsak uzun müddətdir tərəfdaşların Ukraynanı Rusiya ilə atəşkəsə məcbur edəcəyini deyirdi. O, həmçinin belə bir planın tərəfdarları tərəfindən vətəndaş müharibəsi riskinin yaradıla biləcəyi barədə xəbərdarlıq edib. Tarixçi Ukrayna cəmiyyətinin sağlam düşüncəsinə ümid etdiyini bildirib:
“Ümid edirəm ki, biz ukraynalıların bu riskə uymamaq üçün kifayət qədər ağlı olacaq. Nəhayət, bunu ən son sorğular da göstərir: ukraynalılar bu məsələlərdə sosial şəbəkələrdəki mübahisələrdən göründüyündən daha ağıllıdırlar. Bizim daha güclü və daha qorxulu düşmənimiz var – Putin və onun Rusiyası. O, Ukrayna daxilində parçalanma istəyir. Güclü təhlükə hissi isə hər şeydən çox birləşdirir”.
Samir


