ABŞ prezidentinin administrasiyası və komandası Donald Trampın şərəfinə qurumların və obyektlərin nümayişkaranə, lakin hüquqi baxımdan şübhəli şəkildə yenidən adlandırılmasını təşviq edir və təsdiqləyir.
HİT.az xəbər verir ki, "The Atlantic" jurnalının müəllifi Eliot Koen bu addımları infantil qərarlar kimi dəyərləndirir və onların növbəti hakimiyyət dövründə qaçılmaz olaraq geri alınacağını bildirir.
Məqalədə qeyd olunur ki, Con F. Kennedi adına İfaçılıq Sənətləri Mərkəzinin Qəyyumlar Şurası (müəllif bu qurumu “yaltaqlar şurası” adlandırır) mərkəzin Trampın adını daşıması barədə qərar qəbul edib.
Koen yazır ki, Trampın tərif və yaltaqlığa olan ehtirası onun tərəfdarları arasındakı yaltaqlar ehtiyatı qədər tükənməzdir. Müəllif xatırladır ki, Tramp həmçinin ABŞ Sülh İnstitutunun binasında adının həkk olunmasını təsdiqləyib, xəritə ilə bağlı fərman verərək Meksika körfəzinin adının bundan sonra Amerika körfəzi adlandırılmasını istəyib. Bundan əlavə, Pentaqonun rəhbəri Pit Heqset Müdafiə Nazirliyinin adını “Müharibə Nazirliyi” olaraq dəyişib. Müəllif bu qərarın qanunsuz olduğunu vurğulayır. Heqset eyni zamanda əvvəllər Konfederasiya generallarının adını daşıyan hərbi bazaları da formal şəxslərin adlarından istifadə etməklə yenidən adlandırıb.
Məqalədə deyilir ki, bütün bu addımlar təhqiredicidir və zəif, qorxaq Konqresin iradəsini dolayısı ilə tapdalayır. Eyni zamanda bunlar uşaq davranışlarının təzahürüdür. Müəllifin fikrincə, adlar geri qaytarılacaq: on il sonra xəritələrdə yenidən “Meksika körfəzi” yazılacaq, demokratik administrasiya isə böyük ehtimalla Müdafiə Nazirliyinin və hərbi istehkamların adlarını bərpa edəcək. Trampın adı divarlardan silinəcək, Ağ evdəki “prezidentlər şöhrət xiyabanı”nda sələflərinə ünvanladığı utancverici istehzalar da unudulacaq.
Eliot Koen sual edir ki, Tramp və onun ətrafı niyə əvvəlcədən məlum olan, hakimiyyət dəyişdikdə ləğv ediləcək bu cür “uşaqvari” addımlar atır. O, bunu Tramp administrasiyasında, ən yüksək səviyyədən başlayaraq, rəhbər şəxslərin uşaq davranışı nümayiş etdirməsi ilə izah edir. Müəllifə görə, bir çox hallarda bu, heç vaxt yetkinləşməyən, yetkin davranışın nə olduğunu anlamayan “sarsılmış uşaqlar”dır.
Koen qeyd edir ki, xüsusilə yeniyetmələr gələcək hissini zəif dərk edirlər və bu da onların tez-tez düşünülməmiş addımlar atmasının səbəbidir. Yalnız həqiqətən yetkin insanlar indiki zamanda atılan addımların gələcəkdə ləğv edilə biləcəyini və dünyanın tam nəzarətdə olmadığını anlayırlar. Bu anlayış böyüklərə xasdır.
Bunun əksinə olaraq, yeniyetmələr tez-tez sehrli fantaziyalara qapılır, əslində nəzarət edə bilmədikləri dünyanı dəyişdirə biləcəklərinə inanırlar. Müəllifə görə, qurumların adını dəyişməklə reallığın dəyişəcəyinə inanmaq da bu uşaq düşüncəsinin nəticəsidir. Məsələn, bir agentliyi “Müharibə Departamenti” adlandırmağın onu dərhal dəyişəcəyini düşünmək infantil yanaşmadır. Reallığın nizamsızlığını, müqavimətini və insan imkanlarının məhdudluğunu qəbul etmək isə yetkinlərin xüsusiyyətidir.
Məqalədə bu davranışların daxili aqressiyanın təzahürü ola biləcəyi də vurğulanır. Müəllif yazır ki, Tramp təhqiredici ləqəblərin ustasıdır və onları təkcə rəqiblərini alçaltmaq üçün deyil, başqalarına ağrı verməkdən zövq aldığı üçün də istifadə edir.
Eliot Koen nəticə olaraq bildirir ki, aqressiv uşaqlar narahatedici, hətta qorxulu ola bilərlər, lakin eyni zamanda acınacaqlı varlıqlardır. Onun proqnozuna görə, yetkinləşməyən insanlar ömür boyu həm başqalarına, həm də özlərinə zərər verəcəklər. Təəssüf ki, belə şəxslərdən bəziləri nazirlərə, hətta ABŞ prezidenti vəzifəsinə qədər yüksələ bilirlər.
Samir


