Almaniyadakı mərkəzçi partiyaların nümayəndələri ifrat sağçı "Almaniya üçün Alternativ"i (AfD) Rusiya kəşfiyyat orqanlarını maraqlandıran məlumatlar toplamaqda ittiham ediblər.
HİT.az "Politico"ya istinadən xəbər verir ki, ittihamçılar Türingiya parlamentinin AfD üzvü Rinqo Mühlmanın Ukraynaya silah təchizatı və Almaniyada dron əleyhinə müdafiə sistemləri ilə bağlı regional hökumətə rəsmi sorğularına istinad edirlər.
Almaniyanın mərkəz-sol Sosial Demokrat Partiyasının üzvü, Türingiya daxili işlər naziri Qeorq Meyerin sözlərinə görə, AfD-nin Kreml tərəfindən tərtib edilmiş siyahıdan tapşırıqları yerinə yetirdiyinə dair aydın təəssürat yaranır. Məsələn, Mühlmanın sorğularından birində soruşulur: "Ştat hökumətinin 2022-ci ildən bəri Türingiyadan silahların tranziti ilə bağlı hansı məlumatları var (illərə görə, nəqliyyat növünə (yol, dəmir yolu), tranzitlərin sayına və dayanacaq məntəqələrinə görə)?"
Başqa bir sorğuda o, "Türingiya polisinə dronlara qarşı hansı texniki müdafiə sistemlərinin (məsələn, elektron müharibə sistemləri, tor atma sistemləri, elektromaqnit impuls silahları) məlum olduğu və onların hüquq-mühafizə orqanları tərəfindən istifadə üçün nə dərəcədə effektiv şəkildə sınaqdan keçirildiyi" barədə soruşur.
"Politico"nun qeyd etdiyi kimi, AfD ittihamları qəti şəkildə rədd edərək, bunların "vətəndaşların narahatlıqlarını və ehtiyaclarını ciddiyə alan parlament üzvünün əsaslı sualları" olduğunu və vətəndaşların "qanuni narahatlıqları" olduğunu bildirib. AfD lideri Tino Hrupallanın sözlərinə görə, ittihamçılar "eyhamlar edir, xaincəsinə davranırlar" və "heç vaxt nəyi ittiham etdiklərini sübut edə bilməyəcəklər".
Samir


