Çin ABŞ üçün artan təhlükə yaradan “tarixi hərbi güclənmə” mərhələsindədir.
HİT.az xəbər verir ki, bu barədə Pentaqonun hesabatında deyilir.
Sənəddə bildirilir ki, Çin ordusu getdikcə daha müasir və dayanıqlı olur, Ukraynada Rusiyanın buraxdığı səhvləri təhlil edir və Tayvana təzyiqləri artırır. Kəşfiyyat məlumatlarına görə, Pekin və Moskva arasında strateji tərəfdaşlıq güclənsə də, bu əməkdaşlığa tərəflər arasında mövcud olan “qarşılıqlı etimadsızlıq” mane olur.
Hesabatda qeyd olunur ki, Çin böyük nüvə arsenalına, uzaqmənzilli dəniz zərbə vasitələrinə, eləcə də ABŞ-nin təhlükəsizliyinə “birbaşa təhdid” yarada biləcək kiber və kosmik imkanlara malikdir. Nüvə silahlarının istehsal tempi azalsa da, Pekin 2030-cu ilə qədər 1000-dən çox nüvə döyüş başlığına sahib olmağı planlaşdırır.
Bundan əlavə, Çin hipersəs silahlarının hazırlanmasında ABŞ-ni qabaqlayır. Buna cavab olaraq ABŞ hipersəs və digər innovativ təhdidlərdən, eləcə də daha ənənəvi ballistik raketlərdən müdafiə üçün nəzərdə tutulan “Qızıl günbəz” sistemini yerləşdirməyi planlaşdırır.
Hesabatda vurğulanır ki, Çin 2027-ci ilin sonuna qədər Tayvana qarşı müharibə aparmaq və qalib gəlmək imkanına sahib olmağı hədəfləyir.
Daha əvvəl NATO-nun baş katibi Mark Rutte bəyan etmişdi ki, Rusiya və Çin Avropa və Tayvana qarşı eyni vaxtda koordinasiyalı hücuma başlaya bilər. O, həmçinin qeyd edib ki, Çin Moskvanı Avropanı “burada məşğul saxlamaq” üçün təzyiq altında saxlaya bilər.
Eyni zamanda Çin və Rusiya ABŞ prezidenti Donald Trampın Venesuelaya qarşı elan etdiyi neft blokadasına dəstək ifadə ediblər. Xüsusilə Pekin Venesuela nefti daşıyan və Çinə istiqamətlənən tankerin ələ keçirilməsini beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.
Samir


