1986-cı ildə Çernobıl Nüvə Elektrik Stansiyasında baş verən fəlakətin üstündən təxminən qırx il keçib. İnsanlar bölgəni tərk etdikdən sonra Çernobıl Qadağan Olunmuş Zonası, sanki təbiətin öz qaydaları ilə idarə etdiyi nəhəng bir laboratoriyaya çevrilib. Bu günlərdə elm aləmini məşğul edən ən böyük suallardan biri isə budur: Bu bölgədə yaşayan itlər, nəsillər boyu məruz qaldıqları radiasiya səbəbiylə sürətlə təkamül edir ola bilərmi?
HİT.az xəbər verir ki, bəzi tədqiqatçılar bu ehtimalın üzərində ciddi dayanarkən, digərləri hələ qəti bir nəticə çıxarmaq üçün çox erkən olduğunu düşünür. Bölgədəki bitki və heyvan populyasiyası, insanların çəkilməsi ilə birlikdə təəccüblü bir artım göstərib. Lakin bu canlılar, hələ də radioaktiv olan bir mühitdə yaşamaq üçün mübarizə aparır.
2025-ci ildə aparılan yeni bir araşdırma, radiasiyanın bölgədəki flora və fauna üzərindəki təsirlərini daha dərin öyrənib. Tədqiqat canlılarda müəyyən genetik ziyanlar olduğunu müəyyən etsə də, bəzi növlərin bu xroniki radiasiyaya qarşı uyğunlaşdığına dair əlamətlər də təqdim edib. Alimlər tarixin ən böyük nüvə fəlakətlərindən birinin ardından həyatın necə belə davamlı qala bildiyini anlamağa yönəlirlər.
2024-cü ildə dərc olunan başqa bir hesabat isə bölgənin içindəki və xaricindəki itlər arasında açıq-aşkar genetik fərqlər müşahidə olunduğunu ortaya qoyub. Lakin tədqiqatçılar bu vəziyyətin birbaşa “sürətli bir təkamül” adlandırılıb adlandırıla bilməyəcəyi məsələsində ehtiyatlı davranırlar. Hazırda öyrənilən itlər, fəlakəti şəxsən yaşayanların nəvələrinin nəvələridir. Yəni həyatlarının hər anını radiasiya ilə yanaşı keçirən yeni bir nəsil söhbəti gedir. Əvvəllər aparılan tədqiqatlarda, Çernobıl şəhəri daxilindəki itlərin dünyanın qalan hissəsindəki oxşarlarından genetik olaraq fərqləndiyi və ən az 15 fərqli ailə xəttinin formalaşdığı görülüb. Bu itlər öz aralarında yüksək oxşarlıq göstərərkən, xarici dünyadakı qohumlarından fərqlənir.
Buna baxmayaraq, bu fərqlərin birbaşa nüvə mutasiyaları ilə əlaqələndirilib-əlaqələndirilə bilməyəcəyi hələ də böyük bir müzakirə mövzusudur. Son məlumatlar göstərir ki, genetik dəyişikliklər radiasiya səbəbli mutasiyalarla bir-bir üst-üstə düşmür, yəni prosesin düşünüləndən daha mürəkkəb ola biləcəyini göstərir. İtlərin orijinal əcdadlarından onlarla nəsil uzaqlaşmış olması, hansı dəyişikliyin təbii seçmə, hansı dəyişikliyin isə radiasiya ziyanı olduğunu ayırmağı çətinləşdirir.
Alimlər tədqiqatlarını dərinləşdirdikcə, radiasiyanın uzunmüddətli təsirləri yalnız heyvanlar deyil, insanlar və bitkilər üçün də daha anlaşıqlı olacaq. Deməli, gələcəkdə baş verə biləcək mümkün fəlakətlərə qarşı təbiətin necə reaksiya verəcəyini anlamaq üçün Çernobılın itləri həlledici rol oynamağa davam edir.
Samir


