“turbo.az” və “bina.az”ın sahibi Gürcüstanın ən varlı şəxsi oldu

DÜNYA
17:00 / 31.12.2025
48

“Bloomberg” agentliyinin məlumatına görə, Azərbaycanda internet istifadəçilərinin ən çox ziyarət etdikləri saytlardan 4-nün – “turbo.az”, “tap.az”, “boss.az” və “bina.az”ın sahibi olan milyarder Mixail Lomtadzenin sərvəti 5,1 milyard dollar təşkil edib.

Yeniavaz.com xəbər verir ki, dünyanın nüfuzlu nəşrlərindən olan “Forbes”in hesablamasına görə isə Mixail Lomtadzenin sərvəti 5,8 milyard dollara yüksəlib.

Qeyd olunur ki, hər iki reytinqdə o, Gürcüstanın ən varlı şəxsi kimi qeyd olunur.

Bildirilib ki, gürcü milyarderlərinin sərvəti yalnız “Bloomberg” terminalı vasitəsilə görünür və ictimai şəkildə açıqlanmır. Hazırda dünyanın ən varlı 500 insanı siyahısına düşmək üçün sərvət həddi 6,3 milyard dollardır. Bu səbəbdən Mixail Lomtadze hələlik bu açıq siyahıya daxil edilmir.

Reytinqdə adı çəkilən digər gürcü milyarderi – hakim partiyanın fəxri sədri Bidzina İvanişvilinin sərvəti “Bloomberg” qiymətləndirməsinə əsasən 3,6 milyard dollar, “Forbes” məlumatına görə isə 2,7 milyard dollar olaraq göstərilir.

Məlumat üçün bildirək ki, Gürcüstan vətəndaşı olan 50 yaşlı Mixail Lomtadze Qazaxıstanın ən böyük şirkətlərindən olan “Kaspi.kz”nin əsas səhmdarlarından biridir. Mixail Lomtadze eyni zamanda Qazaxıstanın ən böyük banklarından biri olan “Kaspi Bank”ın 23%-lik səhminə nəzarət edir.

Lomtadzenin Azərbaycanın aparıcı elan saytlarından olan “turbo.az”, “tap.az”, “boss.az” və “bina.az”ı nə zaman satın aldığı bilinmir. Lakin bu saytların bağlı olduğu “DIGITAL CLASSIFIEDS” MMC (VÖEN – 1405631661) 16.08.2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 min manat olan MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Rəsul Rza 75-də yerləşir. Şirkətin qanuni təmsilçisi Gürcüstan vətəndaşı Mamuka Krivalidzedir.

0