ABŞ Silahlı Qüvvələri Venesuela ərazisinə hava zərbələri endirib.
HİT.az xəbər verir ki, amerikalı rəsmilər bunu "Fox News" telekanalına təsdiqləyiblər.
Öz növbəsində, TASS-ın istinad etdiyi "The New York Times" bildirib ki, ABŞ Prezidenti Donald Tramp Venesuelaya zərbələr endirilməzdən əvvəl Mar-a-Laqoda milli təhlükəsizlik müşavirəsi keçirib.
Partlayışların baş verdiyi Karakas səmasında ən azı doqquz helikopter uçub. Bu barədə "NBC News" məlumat verir. Telekanal qeyd edib ki, şəhərdə partlayışlar davam edir, uçan helikopterlərin səsi eşidilir.
Hücumların hədəfləri Karakasda helikopterlərin qeydə alındığı neft emalı zavodları və hərbi obyektlər olub. Bu barədə "A Haber" AFP agentliyinə istinadən bildirib.
"Karakasda silsilə partlayışlar olub. Hücumların hədəfləri Karakasda helikopterlərin qeydə alındığı neft emalı zavodları və hərbi obyektlər olub", - məlumatda deyilib.
Telekanal yerli mediaya istinadən qeyd edib ki, ABŞ Venesuelaya hava və dənizdən genişmiqyaslı hücuma başlayıb. Yüzlərlə qanadlı raket paytaxtdakı hədəfləri vurub.
"Associated Press" agentliyinin məlumatına görə, Karakasda 7 partlayışın olduğu bildirilib və alçaqdan uçan təyyarələr qeydə alınıb. Bəzi sakinlər küçələrə qaçıb.
Venesuela hakimiyyəti partlayışların səbəbləri barədə hələlik rəsmi açıqlama verməyib.


