Rusiyaya qarşı "dron divarı" yaratmaq Aİ-yə neçəyə başa gələcək?

DÜNYA
18:59 / 06.01.2026
139

Ukraynadakı müharibə göstərdi ki, tanklar, artilleriya qurğuları və raketlər kimi bahalı ənənəvi silahlar dəyəri onların cüzi hissəsi olan dronlarla məhv edilə bilər. Məhz buna görə Avropa İttifaqı Rusiya ilə 2700 kilometrlik sərhədi qorumaq məqsədilə “dron divarı” layihəsi üzərində işləyir. 

HİT.az xəbər verir ki, “Reuters” agentliyinin analitik yazısında bu təşəbbüsün təxmini maliyyə dəyəri qiymətləndirilib.

“Şahed”lərə qarşı mübarizə sisteminin real dəyəri

Ukraynada Rusiya pilotsuz uçuş aparatlarının səciyyəvi səsini izləmək üçün effektiv istifadə olunan “Sky Fortress” akustik sensorlarının hər biri təxminən 1000 ABŞ dollarına başa gəlir. Lakin alçaqdan uçan “Shahed” dronlarını aşkar etmək üçün ballistik raketlərə qarşı istifadə edilən mövcud sistemlərdən fərqli radiolokasiya qurğuları tələb olunur. Müdafiə sənayesindəki mənbələr “Breakingviews”ə bildiriblər ki, bu cür sistemlərin hər biri yüz minlərlə dollar dəyərində ola bilər.

“Alpine Eagle” konsaltinq şirkətinin hesablamalarına görə, Avropaya şərq sərhədi boyunca hər 10 mildə bir olmaqla ümumilikdə 200 belə sistem lazımdır. Əgər bir sistemin qiyməti 500 min dollar olarsa, yalnız bu xərc 100 milyon dollar təşkil edəcək.

Bundan əlavə, yaxınlaşan dronların istənilən hava şəraitində tanınması üçün elektro-optik və infraqırmızı sensorlar tələb olunur ki, onların hər biri on minlərlə dollar dəyərindədir. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin qiymətləndirməsinə görə, təkcə Polşa ərazisini əhatə etmək üçün 400 belə sensor lazım ola bilər.

Rusiya dronlarını uzaqdan idarə edən elektromaqnit siqnallarını boğmaq üçün də sistemlərə ehtiyac var. Ukraynanın “Kvertus” şirkətinin “Atlas” adlı radioelektron mübarizə sistemi 140 milyon dollara başa gəlir.

Bundan başqa, ucuz tutucu dronların fəaliyyət radiusu cəmi bir neçə kilometrdir. Avropaya çoxlu sayda kəşfiyyat və uzaqmənzilli uçuş aparatları da lazımdır. Avadanlıqların istismarı üçün personal xərcləri ilə birlikdə bu, ümumi məbləği əhəmiyyətli dərəcədə artırır. Məsələn, ABŞ-nin “Anduril” qrupunun istehsal etdiyi “Roadrunner” uzaqmənzilli tutucusunun hər biri bir neçə yüz min dollar dəyərindədir.

Avropa hökumətləri və silahlı qüvvələri üçün ilkin addım dron sensorları və tutucularının yerləşdiriləcəyi prioritet ərazilərin müəyyənləşdirilməsi ola bilər. Məsələn, Ukrayna əsas müdafiə resurslarını Kiyev ətrafında cəmləşdirib. Avropa liderləri də oxşar yanaşmanı tətbiq edərək böyük şəhərlərə, nəqliyyat və enerji infrastrukturuna fokuslanmaqla xərcləri azalda bilərlər.

Müəyyən dərəcədə aldatma da kömək edə bilər. Hərbi mənbələr “Breakingviews”ə bildiriblər ki, “dron divarı”nı daha qənaətcil etmək yollarından biri saxta hədəflərdən istifadədir. Avropa və NATO şərq cinahı boyunca minlərlə mobil nəqliyyat konteynerində dron əleyhinə avadanlıq yerləşdirə bilər. Onların yalnız bir hissəsində real silahlar olar, lakin Moskva bütün konteynerlərin və ya əksəriyyətinin silahlandırıldığını düşünməyə məcbur qalardı.

Son çatışmayan element isə çəkindirmədir. Rusiya ilə həmsərhəd olan ölkələr cavab zərbəsi endirməyə hazır olduqlarını və buna qadir olduqlarını nümayiş etdirməlidirlər. “MBDA” şirkətinin “Taurus” kimi qanadlı raketlərinin ehtiyatının artırılması, hətta onlardan istifadə edilməyəcəyinə ümid edilsə belə, bu məqsədə xidmət edə bilər.

Daha əvvəl mətbuat Rusiyanın Almaniyada mühüm infrastruktur obyektlərinə qarşı gizli hücumları gücləndirdiyini və Berlinin bunu daha genişmiqyaslı münaqişənin başlanğıcı kimi qiymətləndirdiyini yazmışdı.

Bundan əvvəl Avropa Komissiyasının müdafiə məsələləri üzrə komissarı Andryus Kubilyus bildirmişdi ki, Litva, Latviya, Estoniya və Polşanı əhatə edən “dron divarı”nın dəyəri təxminən 1 milyard avro təşkil etməlidir.

Lakin daha geniş coğrafiya – Finlandiyadan Rumıniya və Bolqarıstana qədər olan ərazi nəzərə alındıqda, söhbət artıq 10 milyard avrodan gedir.

Samir
 

0